Məcnunun güzgüsü - Leyli

mecnunun-guzgusu-leyli
Oxunma sayı: 745

Qeys güzgüdəki məcnunluqda Tanrını görür (dərk edir). Bu dəfə Tanrıya (ilahi eşqə) vurulur. Bundan sonra dünya onun gözündə xəyallaşır. Məcnun İlahi eşqi dadana qədər Leylini göylərə qaldırmışdı. İlahi eşqdən sonra Leylini göydən endirir. Məcnun daha Leylidə yox, səmada güzgülənir.

İnsan vurulduğunu təqlid edir, vurulduğuna oxşamaq istəyir, ya da başqalarında onun nələrinisə axtarır. Bu insani eşqdə olan məqamdır. Yəni, sevdiyin idealına çevrilir. Amma İlahi eşqdə əksinə olur, Allahı sevdikcə Allahlaşmaq yox, kölə olmaq istəyirsən. İnsani güzgü əgər insanı gözəlliyi eyniləşdirməyə sövq edirsə, İlahi güzgünün gözəlliyi səni kiçildir, yaxşı mənada.
Ona görə də Məcnun Qeys vaxtı necə gözəldirsə, əzəmətlidirsə, bir baxan ona bir də baxmaq istəyirsə, Məcnun məcnun vaxtı bir o qədər zəif, baxımsız, cılızdır. Çünki Məcnun özünə məişət güzgüsündə baxıb saçını dala eləmir, kəmərinin qaşlarına fikir vermir, qılıncının parıltısına aldanmır, o İlahi güzgüdə adi gözəlliklərin “puç və əfsanə” olduğunu anlayır.

Fikir verirsinizsə, Leyli əsər boyu gözəl qalır, dərd edirsə də, qüssə yeyirsə də, qəmə bələnirsə də... Çünki o insan kimi zülm çəkir, amma “işıqlı dünyadan” əl çəkə bilmir. Leyli bəzi məqamda Məcnunu anlamır, o tam başa düşə bilmir ki, Məcnun kimə vurulub. Ona, yoxsa Allaha. Son görüşdə belə Leyli Məcnuna geri dönməyi, xoşbəxt olmağı təklif edir. Leyli Məcnunu bu məqamda anlamır, onun qəlbindəki istəyin Allaha ünvanlandığını başa düşmür.

Qeys nə qədər gözəldirsə, İbn Səlam bir o qədər çirkindir. Leyli kişi anlamında Qeysdə qurduğu gözəllik simvolunu bu əsəri yazanlar qəsdən İbn Səlamda parçalayırlar. Bütün bu cür xırda məqamlarla qadını həmişə fiziki gözəllik vurğunu kimi göstərirlər. Bu həm də klassik ədəbiyyatın seçilmiş “yar-əğyar” düşmənçiliyinin mədəni müstəvidə həlli idi.

Qadınlar peyğəmbər olmadığı kimi, klassik ədəbiyyatda ilahi qadın personajı tapmaq çox çətindir. Sanki üstüörtülü şəkildə klassik ədəbiyyatda vurğulanır: qadın müdrikləşdirir, ancaq müdrikləşmir.
Leyli üçün də Məcnun mahiyyət etibarı ilə Qeys, Züleyxa üçünsə Yusif sadəcə gözəl kişi örnəyi olaraq qalır. Yusif zindanın qaranlığından çıxıb nura qərq olur, Məcnunsa səhranın bozluğundan nurlu dünyaya qovuşur. Səhra da, bozluğun qaranlığıdır...

Fərid Hüseyn