“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılacaq.
Sistemin sahibi və operatoru funksiyalarını Ədliyyə Nazirliyi həyata keçirəcək.
Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.
Sistem vasitəsilə məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu, məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi, istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması, məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi, məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi, məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi, məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması, bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi təşkil ediləcək.
Nazirlər Kabineti altı ay müddətində sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, “Məhkəmə Ekspertizası” informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”, “Məhkəmə Ekspertlərinin Reyestri” və “Məhkəmə ekspertizasının metodik fondu” dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.