Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi - Foto

mehriban-eliyeva-yeni-ille-bagli-paylasim-etdi
Oxunma sayı: 1956

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2026-cı ilin ilk günü münasibətilə paylaşım edib.

“Qafqazinfo” həmin paylaşımı təqdim edir:

“Əziz həmvətənlərim, bacı-qardaşlarım!

Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.

Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.

Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir.

Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.

Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun.

Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə,

Sizin MEHRİBAN”.