“Məktəblinin dostu” üçün təlimlər başa çatdı - Fotolar

mekteblinin-dostu-ucun-telimler-basa-catdi
Oxunma sayı: 1204

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlimlər başa çatıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təlimlərdə idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəb idarəetməsinə dəstək işinin müxtəlif istiqamətləri, məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin təqdim olunması, əməkdaşlıq imkanlarının artırılması istiqamətində “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb.

Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev ictimaiyyətlə əlaqələrə dair keçirilən təlimlərin “Məktəblinin dostu” layihəsinin səmərəliliyinin artırılmasına təsirindən söz açıb. R.Ağayev “Məktəblinin dostu” layihəsi əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi baxımından tövsiyələrini nəzərə çatdırıb, informasiya mübadiləsi və məktəbdaxili kommunikasiya istiqamətində müvafiq qaydaların tələblərinə əməl olunmasının zəruriliyini bildirib.

Bundan əlavə, təlimlərdə “Ümumi yanaşmalar”, “Tənzimləyici sənədlər”, “İctimaiyyətlə əlaqə və KİV-lə iş”, ““Məktəblinin dostu” əməkdaşlarından ictimai gözləntilər”, “Təşəbbüslər və təhsilə dəstək”, “Daxili informasiya mübadiləsi”, “Tədbirlərin tənzimlənməsi”, “Sorğuların operativ cavablandırılması”, “Məktəb saytlarının fəaliyyətinin tənzimlənməsi”, “Sosial şəbəkələrlə iş” və digər mövzular ətrafında müvafiq söhbətlər aparılıb, tövsiyələr verilib.

Həmçinin təlimlərdə mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlərin əsas məqsədi ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlar barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.