(“Divarlarla ölçülən zaman” silsiləsindən)
Günorta saat 2
yaxınlar uzaqlaşdıqca, uzaqlar doğmalaşır
şər qarışır. Günəş göydən uzaqlaşır... uzaqlaşır...
səkidə uzanan dilənçi ovcundakı qəpiklərlə
xısın-xısın pıçıldaşır.
nənəm hər gün yuxusunu axar sulara danışır.
Yuxuları sulara qarışır.
nənəm - bu qoca qarı
Allahdan üç yaş böyükdü.
o da indi Allah kimi təkdi
oturub mürgüləyir isti sobanın yanında.
və qəfildən gözlərini açıb mənə deyir:
ən pis adamları da sev,
oğul, Allah amanında...
Gecə saat 3
Dünya Tanrının topudu, vurub atıb göy üzünə.
ağlayanı çoxdu deyə
hətta gözyaşlarını axıtmağa da yer yoxdu.
Ona görə mən yalnız bir gözümlə ağlayıram, necə vaxtdı.
Bir ateist kimi təəssüf edirəm:
Tanrı insandan niyə bu qədər uzaqdı?
Səhər saat 6
səni həyatda itirmişdim
sonra yuxumda da itirdim
indi yuxusuzluqla, sənsizliyin
üsyanını yatırıram bədənimdə.
indi ölüm səviyyəsindən aşağıda yaşayıram
amma göy üzünə yaxınlaşıram
sən də gəl, sən də...
ey mənə həyatda Allahlıq edən bəndə,
Heç olmasa, tək qalmayım göy üzündə.
Axşam saat 8
Bütün ümidlərim öldü, amma mən sağ qaldım.
İndi pəncərədən küçəyə baxıram
yenə eyni külək, eyni yağış, eyni adamlar, eyni həyat.
bu eyniliyi görməmək üçün
kor olmaqdan ötrü darıxıram.
bəlkə də, görə bilmədiyimiz dünya daha gözəldi.
Səhər saat 7
tənhalıq yalnız insana xas hal deyil.
tənha yollar görmüşəm, kimsənin yürümədiyi
tənha ağaclar görmüşəm, kölgəsində kimsənin oturmadığı
tənha itlər görmüşəm, kimsəyə hürməyən
tənha arılar görmüşəm pəncərə şüşəsində çırpınan
tənha qollar görmüşəm
gecələr yalnız öz bədənini qucaqlayan.
Gecə saat 5
mən ümidlərimi yox,
inandıqlarımı itirdiyim üçün yalqızam
indi qarı yağmayan nakam qışam
gülü açmayan solğun yazam
küləyi əsməyən sazaqsız payızam.
sənin çox olduğun hər yerdə mən çox azam
düşün ki, bir ağacam
yerə tökülmüş keçmiş yarpaqlarımı dilənirəm küçələrdən
"hamı" sözünün mənasını indi anlamışam:
"hamı" - sənsən!
Son xəbərlər
Son Xəbərlər