Mərkəzi Bank banklara kredit verilməsi qaydasını dəyişdi

Mərkəzi Bank banklara kredit verilməsi qaydasını dəyişdi
Oxunma sayı: 3148

2016-cı ildə təsdiq edilmiş  “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib. 

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən təsdiq edilən dəyişikliyə görə, 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək. İndiyədək isə hərraclar vasitəsilə 30 günlük, 360 günədək və 360 gündən artıq müddətə kredit götürmək mümkün idi.  

Dəyişiklə həmçinin hərracla verilən kreditlərlə bağlı texniki tələblər sərtləşdirilib, yəni indiyədək bank hərracla qazandığı krediti 5 günə rəsmiləşdirməli idisə, indi bu müddət 3 günə endirilib. Əks halda kredit verilməsindən imtina olunur. Yeni qaydalara görə, kredit hərraclarında AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan, eləcə də Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan banklar iştirak edə bilər.

Yeni qərara görə, 360 günlük kreditlər hərracdan kənar veriləcək. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.  

AMB-dən kredit almaq istəyən banklar əvvəlki kimi daşınmaz əmlak və qızıl külçələri deyil, yalnız daşınmaz əmlak girov saxlaya bilər. Yeni qaydaya əsasən qızıl külçə formasında bank metalı aktivi ilə sonuncu instansiyada təmin edilmə qaydası ləğv edilir.