Mikayıl Cabbarov söz verdi - Yenilənib

mikayil-cabbarov-soz-verdi-yenilenib
Oxunma sayı: 764

Nazir Mikayıl Cabbarov bu gün keçirilən tədbirdə təhsil sahəsindəki problemlərdən danışıb. “Qafqazinfo”nun məlumatına görə, nazir çıxışında xaricdə təhsil üzrə Dövlət Proqramının əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, dünyanın az ölkələrində dövlət bu işi öz üzərinə götürür: “2007- 2015-ci illərdə Dövlət proqramı qəbul olunub. Bu sahədə uğurlarla yanaşı problemlər də var. Bunlar təhsil haqının ödənilməsində baş verən gecikmələr və süründürməçiliklə əlaqədardır. Mən də xaricdə təhsil almış tələbə kimi bunun necə çətin olduğunu bilirəm. Nazirlik bu sahədə bundan sonra daha şəffaf fəaliyyət göstərəcək. Pozuntuların aradan qaldırılmasına çalışacaq. Bunun üçün nazirliyin saytında ayrıca səhifə yaradılıb”.

Nazir eyni zamanda orta məktəblərdə baş verən bir sıra problemlərə də toxunub. Məktəb dərsliklərindəki problemlərdən danışan nazir dərslikləri təhsil nazirinin hazırlaması ilə bağlı cəmiyyətdə bir fikir formalaşdığını qeyd edib: “Lakin dərslikləri müəllimlər hazırlayır və onu nazirliyin tərkibində ictimai əsaslarla fəaliyyət göstərən qiymətləndirmə şurası qiymətləndirir.
Təhsil nazirliyi məktəblərdə baş verən neqativ hallara qarşı barışmaz olacaq. Məktəblərin idarə olunmasında valideynlərin rolu da artırılmalıdır. Müəllimlərə hörmətlə yanaşılacaq. Onların maddi-mənəvi təminatının ödənilməsinə çalışacaq. Onların əvvəlki nüfuzu geri qayıdacaq”.

Nazir həmçinin attestat verilməsi qaydalarından danışıb: “ Hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fənndən illik qiyməti “2” olan şagirdlər buraxılış imtahanlarına buraxılmır. Eyni zamanda imtahana buraxılan şagirdlər hər hansı imtahandan “2” aldığı təqdirdə, onların yekun attestasiyası aparılmır. Nəticədə hər iki kateqoriyadan olan məzunlar attestat almaqdan və ali, orta ixtisas təhsili müəssisələrinə sənəd verməkdən məhrum olurlar. Statistik məlumatlara əsasən, 2009-2010-ci tədris ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-2012-ci ildə 24 faizi, 2011-2012-ci ildə isə 10,5 faizi attestat almayıb. Heç kimə sirr deyil ki, həmin şagirdlərə attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricidir. “Təhsil haqqında” qanun attestatın verilməsinin yekun qiymətləndirmənin “qeyri-kafi” nəticələri ilə bağlı olmadığını göstərir. Attestat olsa da, olmasa da, qanunvericiliyə əsasən, orta məktəb məzununun tələbə olması ali məktəblərə qəbul imtahanlarındakı nəticələrindən asılıdır. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır”.

Günel Türksoy