“Misir Mərdanova bulanıq suda balıq tutmaq lazımdır” - İttiham

misir-merdanova-bulaniq-suda-baliq-tutmaq-lazimdir-ittiham
Oxunma sayı: 992

Xəbər verdiyimizi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəblərinin 1-ci, 3-cü, 4-cü sinif dərsliklərinin monitorinqini başa çatdırıb. Uzunmüddətli araşdırmalardan sonra qurumun ekspert şurasının yekun rəyi belə olub ki, bu siniflərdə istifadə olunan 8 dərslik – “Azərbaycan dili-1”, “Riyaziyyat-1”, “Azərbaycan dili-3”, “Riyaziyyat-3”, “Həyat bilgisi-3”, “Azərbaycan dili-4”, “Riyaziyyat-4”, “Həyat bilgisi-4” dərslikləri tədrisə yararsızdır və onlar yenidən hazırlanmalıdır.

Yaranmış acınacaqlı durumla bağlı təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının “Qafqazinfo”ya verdiyi müsahibəni təqdim edirik:

– Əlövsət müəllim, TQDK ümumtəhsil məktəblərində istifadədə olan 8 dərsliyi çıxdaş edib. Bilinmir ki, hələ bundan sonra neçə dərsliyi də bu aqibət gözləyir. Hara gedirik?!
– Mənə görə bu sualınızı cavablandırmaq üçün əvvəlcə indiki yerimizi müəyyənləşdirməliyik. Bildiyimiz kimi, təlim-tərbiyənin özəyində təhsilin məzmunu dayanır. Məzmun isə əsasən istifadədə olan dərsliklərdə cəmləşir. Üç sinfin 8 dərsliyi tədrisə yararsız hesab edilibsə, indi vəziyyətin nə dərəcədə kritik olduğunu özünüz təsəvvür edin. Onu da nəzərə alın ki, “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” təməl fənlərdir. Belə çıxır ki, bu yaramaz dərsliklərlə təhsilimizin məzmunu yerlə-yeksan edilib, fəlsəfəsi dəyişdirilib. Təhsilimizi “Mərdanovun məzmunsuz təhsili” adlandıranda bir çox dostlarım məndən inciyirdi. Görürsünüzmü, indi bu sözləri tək mən demirəm, dolayısı ilə ayrı-ayrı ekspertlər və qurumlar da deyirlər. Belə hesab edin ki, bu dərsliklərlə təhsilimiz dərin bataqlığa batıb, “təhsilin başbilənlərini” isə qaramat basıb. Belə bir halda biz hara gedə bilərik? Təhsil Nazirliyi bu dərsliklərlə bizi aydınlığa yox, ancaq və ancaq zülmətə və qaranlığa apara bilər.

– Paradoksal vəziyyət yaranıb: Bir tərəfdən TQDK “SOS!” siqnalı verir ki, bu dərsliklər yararsızdır, digər tərəfdənsə onları əvəz edəcək başqa dərsliklər yoxdur. Bu ortamda vəziyyətdən çıxış yolu nə ola bilər?
– Həm çox düzgün, həm də çox çətin sualdır. Bu vəziyyət bir günə, iki günə, bir ilə, iki ilə yaranmayıb, Misir Mərdanov təhsil naziri postunu tutduqdan sonra yaranmağa başlayıb. Gərək bu haqda o zamanlar düşünəydik. Təəssüflər olsun ki, biz məsələni iş-işdən keçdikdən sonra qabardırıq.

TQDK-nın işi ölkə başçısının fərmanına əsasən mövcud dərsliklərin monitorinqini aparmaq, yekun rəyi ictimaiyyətə və yuxarı instansiyalara çatdırmaqdır. Bununla onun işi bitir. Təhsil Nazirliyi yetkililərinin vəziyyətdən çıxış üçün çarə tapacağı haqqında düşünmək – onlardan qafa tələb etmək isə abdallıq olar. Çünki bu vəziyyəti yaradan bu adamların özü olub. Əgər onlarda bir balaca qafa olsaydı, hadisələrin bu hala gəlməsinə imkan verməzdilər. Deməli, ümid qalır bircə dövlətə və hökumətə...
Təsəvvür edin, strateji bir sahənin – millətin gələcəyi olan təhsilin məzmunu dağıdılıb. Bundan da böyük dərd olar?! Mənə görə, bu gün dövlət və hökumət təhsilimizdə yaranmış fəlakətli durumla bağlı təxirəsalınmaz tədbirlər görməli, parlamentdə qızğın dinləmələr və debatlar keçirilməli, deputatlar bu işi törədənlərdən haqq-hesab tələb etməlidirlər. Təəssüflər olsun ki, bəzi millət vəkillərimiz bu ağrılı vəziyyətin təfərrüatlarından danışmaq əvəzinə, məsələni azdırmağa, ona “Misir Mərdanov – Məleykə Abbaszadə qarşıdurması” rəngi qatmağa çalışırlar. Hətta bəziləri ağsaqqallıq iddiasına düşərək “hərə öz işi ilə məşğul olsa, daha faydalı olar” – deməklə onları “barışığa” çağırırlar. Təhsilimizin dağılmış məzmununun göstəricisi olan biabırçı dərsliklərsə qalır bir yanda. İndi sualınızı bir az fərqli formada özünüzə ünvanlayıram: Deyin görüm, bu ortamda vəziyyətdən çıxış yolu tapmaq olarmı?!

– Misir Mərdanov deyir: “Tədris ilinin ortasında heç kəsin dərsliyi ləğv etməyə haqqı yoxdur, bu haqq yalnız dövlətin təhsil siyasətini həyata keçirən quruma – Təhsil Nazirliyinə aiddir”. Nazirin bu fikrinə münasibətiniz...
– Vallah, nə deyim, belə sözləri eşidəndə adamın əl-ayağı yerdən üzülür. Bunun bircə adı var: tragikomediya. Adam aləmi qarışdırıb, təhsilimizi böyrü üstə qoyub, özü də haqdan, ədalətdən danışır. Komik bir vəziyyət yaranıb: Deməkdənsə ki, təhsili quyunun dibinə salmışam, kömək edin birtəhər çıxaraq, bu adam haqq, hüquq axtarır. Soruşan da yoxdur ki, cənab nazir, təhsilin məzmununun əsas daşıyıcısı olan dərsliklərimizi bu cür eybəcər hala salmaq məgər sənin haqqın idi?! Əvvəla, TQDK-nın yekun qərarında “dərsliklər ləğv edilsin” ifadəsi yoxdur, burada “onların istifadəsi məqsədəuyğun hesab edilmir” ifadəsi var. Bunlarsa ayrı-ayrı şeylərdir. Ona görə də Mərdanovun həmin qərarı bu şəkildə improvizasiya etməsi normal hal deyil. İkincisi, nazirlik yetkililərinin “dərslik” adlandırdıqları bu yaramaz nəsnələr, tutalım, ləğv olunmadı, onda nə baş verəcək? Belə çıxır, bilə-bilə fidan balalarımızı çıxdaş dərsliklərdən “təhsil almağa” təhrik edəcəyik, nədi-nədi, əks halda dövlətin zay məhsula çəkilmiş xərci batar və təhsil sisteminə soxulmuş bəzi dağıdıcı ünsürlər cəzalandırılar. Sual edirəm: Biz balalarımıza kiflənmiş, zay olmuş ərzağı yedizdirərikmi?! – Əlbəttə, yox! Bəs onda necə razı ola bilərik ki, onlara təlim zay dərslik əsasında aparılsın. Görəsən, Misir Mərdanov həmin sözləri deyərkən bu haqda düşünübmü?!

– Əlövsət müəllim, Təhsil Nazirliyinin bəzi yetkililəri dərsliklərlə bağlı baş verənləri “şou” adlandırırlar. Buna münasibətiniz necədir?
– Birincisi, şəxsən mən burada təəccüblü bir şey görmürəm. Bu adamlar törətdikləri əməlin izini itirmək üçün əlbəttə “qırx dərənin suyunu” bir-birinə qarışdıracaqlar. Amma faydası yoxdur, fakt faktlığında qalır, üzqarasına çevrilmiş dərsliklər ortadadır. İkincisi, yuxarıda dediyim kimi, ölkə başçısı dərslik sahəsində yaranmış vəziyyətin aydınlaşdırılması üçün monitorinqin aparılmasını xüsusi fərmanla TQDK-ya həvalə edib. Bu qurum da tapşırılan işi mümkün üsullardan istifadə etməklə şəffaf şəkildə yerinə yetirir: açıq seminarlar təşkil edir; ekspertlərdən rəy alır; tanınmış müəllimlərin və mütəxəssislərin fikirlərini öyrənib cəmləşdirir; nəticəni şəffaf şəkildə ortaya qoyur və s. Deyin görüm, bu işin başqa bir üsulu varmı? Məgər bu ciddi iş şoudur? Bilirsinizmi “şou” nədir?! “Şou” – hər il müsabiqə-tender adı altında gizli oyunlar qurub təhsilin məzmununu dağıtmaqdır?

2005-ci ildə qəbul olunmuş “Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinə görə Mərdanovun yedək qurumu olan Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) öz saytı olmalı idi. Təbii ki, bu, şəffaflıq, yəni ictimaiyyətin dərsliklərlə bağlı qurumda gedən prosesləri izləməsi üçün çox lazım idi. Biabırçılığın dərəcəsinə baxın, 6 ildir ki, DQŞ “fəaliyyət” göstərir, amma indiyədək onun öz saytı yoxdur.

Bildiyimiz kimi, şəffaflıq olsun deyə, TQDK hər bir dərsliklə bağlı aparılan monitorinqin nəticələrini, yəni ekspert şurasının yekun rəyini və qərarını, eləcə də Təhsil Nazirliyinin cavablarını öz saytında yerləşdirir. Amma nazirlik bunların heç birini eləmir. Çünki TQDK-ya şəffaflıq, Təhsil Nazirliyinə isə bulanıq suda balıq tutmaq lazımdır.

– Maraqlı bir məqama gəlib çıxdıq. Deyirsiniz ki, TQDK nazirliyin cavablarını da öz saytında yerləşdirir. Cavablarla tanışlığınız varmı? Varsa, onlara münasibətiniz necədir?
– Hələlik saytda çıxdaş edilmiş “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərsliklərinə yazılmış yekun rəylərə nazirliyin cavabları yerləşdirilib. Onları DQŞ sədri və hər fənn üzrə bir müəllif imzalayıb. Çox gülünc cavablardır. Bir-iki cümləsini oxuyanda görürsən ki, onlar elmdən və təhsildən uzaq adamlar tərəfindən hazırlanıb və imitasiya xarakteri daşıyır, yəni desinlər ki, TQDK-nın rəylərini biz cavabsız qoymamışıq. Hesab edirəm ki, indiki halda söhbət rəylərə yazılan cızmaqara cavablardan daha çox nazirin məsələyə münasibətindən getməlidir...

– Hansı münasibətindən?
– Yəqin ki, bu “cavablar” TQDK-ya rəsmi qaydada, yəni təhsil nazirinin müşayiət məktubu ilə daxil olub. Onda avtomatik bir sual ortaya çıxır: Həmin məktubu imzalayarkən, görəsən, cənab nazir bu “otpiska” cavabların mətni ilə tanış olubmu?! Tanış olmayıbsa, çox pis! Deməli, o, öz imzasına hörmət etməyib. Yox, əgər tanış olubsa, onda iki hal mümkündür: ya nazir savadsızdır, ya da ki, balalarımızın təhsili onu qətiyyən ilgiləndirmir.

– Bəlkə fikrinizə bir az aydınlıq gətirəsiniz...
– Mərdanov deyə bilməz ki, dərslik mənim sahəm deyil. Ola bilər, o, “Azərbaycan dili-1” dərsliyi ilə bağlı mübahisələrə girişə bilməsin, bəs “Riyaziyyat-1” necə?! Bu ki sırf onun sahəsidir! Çünki əvvəla, o, riyaziyyatçıdır, fizika-riyaziyyat elmləri doktoru, professordur, ikincisi isə, dərslik sahəsində böyük təcrübəyə malikdir, dünya rekordunu qırıb, maşallah, nə az, nə çox, düz 14 dərsliyin müəllifidir. Deyin görüm, bu cür qabiliyyət sahibinin TQDK-nın rəyi ilə müəllifin hazırladığı cızmaqara cavabı tutuşdurmasında, daha doğrusu, “cavabın” rəyə adekvat olub-olmadığını müəyyənləşdirməsində nə problem vardı?! Bu, onun göstəricisidir ki, Təhsil Nazirliyində dərslik məsələsinə olan qeyri-ciddi münasibət hələ də davam edir. Görün biganəlik nə həddə çatıb ki, bu vurçatlasında nazirlik yaramaz “Riyaziyyat-2” dərsliyini yenidən çap etmək istəyir.

– Nədən bu qənaətə gəlmisiniz?!
– Ötən ayın 24-də Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı ATV kanalının “Həftə sonu” proqramında çıxış edərək dedi: “Bu il 2-ci sinif dərsliklərini çap edəcəyik. Ona görə dayanmışıq ki, TQDK bu dərsliklərə münasibətini bildirsin, rəyini göndərsin, əsl məqam 2-ci sinif üçündür”. Əgər 2-ci sinfin köhnə dərsliklərini çap etmək fikirləri yox idisə, onda onlar niyə bu dərsliklərin monitorinqinin nəticəsini gözləyirlər? Niyə indiyədək 2-ci sinif dərsliklərinin nəşri və çapı üzrə müsabiqə-tender elan edilməyib?! Deməli, torbada pişik var, yəni onlar bu bəd niyyətlərini, nə yolla olur-olsun, həyata keçirməkdə qərarlıdırlar. Düşünürlər ki, 2-ci sinfin köhnə dərsliklərində TQDK ekspertlərinin rəyində göstərilən iradları “nəzərə alacaqlar” və hər şey olacaq əliyül-əla. Amma bu adamlar başa düşmürlər ki, dərsliyi “yamaq” vurmaqla yox, ancaq və ancaq sistemli başla sistemə salmaq olar, o da təəssüflər olsun ki, onların “güvəndikləri” müəlliflərdə yoxdur...

– Sizcə, Təhsil Nazirliyinin bu “fəndinin” qarşısını almaq mümkündürmü?
– Hesab edirəm ki, bunun yeganə yolu var: Təhsilimizi bu cür dağıdıcı elementlərdən təmizləmək, onların yerinə safniyyətli, işini yaxşı bilən, dövlətini və millətini sevən insanlar gətirmək. Onda təhsilimiz də düzələcək, haqqında danışdığımız dərslik gülməcələrindən də canımız qurtaracaq...