Müasir incəsənət nəyə görə “bananlaşıb”?

muasir-incesenet-neye-gore-bananlasib
Oxunma sayı: 2981

 İlk baxışdan qəribə  görünən bu başlığı qısa bir yazı ilə açmağa çalışacam. Söhbət Maurisio Kattelanın divara yapışqan lentlə yapışdırdığı və “Komedian” adlandırdığı banandan gedir. Dünya mediasının və incəsənət tənqidçilərinin bu “əsər”in “Leonardo da Vinçinin Mona Lizası ilə eyni səviyyədə olduğunu söyləməsi” və ya “Kattelan hər kəsi ələ salır” kimi fərqli fikirlər səsləndirməsi izləyicilərdə çaşqınlıq yaradır. Bu isə bir mədəniyyətşünas olaraq məni də bu hadisə haqqında yazı yazmağa məcbur etdi.

 Öncəliklə baş verən hadisəyə daha yaxından nəzər salaq. Belə ki, 2019-cu ilin dekabr ayında Mayamidə keçirilən ənənəvi “Art Basel Mayami” sərgisində italyan rəssam-heykəltəraşı Maurisio Kattelanın divara yapışqan kağızla lentlədiyi bananın bir kolleksioner tərəfindən 120.000 USD məbləğində alınmasından doğan əks-səda hələ də səngimək bilmir. Bu “incəsənət əsərinin” hətta balaca broşur halında istifadə qaydası da var. Orada “yapışdırılmış banan təbii olduğu üçün qısa zamanda korlana bilər, ona görə də istədiyiniz qədər digər bananla əvəz edə bilərsiniz. Bananın dəyişdirilməsi, əsərin dəyərini qətiyyən aşağı salmır” – sözləri qeyd olunub. Nə qədər gülməli görünsə də, bu bir reallıqdır, bəli! Amma, daha maraqlı cəhət ondan ibarətdir ki, sırf bu “əsər”ə baxmaq üçün uzun növbələr yarandı, hər kəs bu dəyərli banana tamaşa etmək və onunla şəkil çəkdirmək istədi. İnternet səhifələri, bloggerlər dayanmadan bu banandan danışdılar. Marketoloqlar maraqlı reklam kampaniyaları həyata keçirərək, satmaq istədikləri istənilən məhsulu yapışqan kağızla divara yapışdırmaqla Kattelan fəlsəfəsindən yanaşaraq dəyərinin yüksək olduğunu göstərməyə cəhd etdilər. 

Bəs bu nəyə görə baş verir? Nəyə görə o qədər istedadlı, incəsənətin hər hansı bir növünün incəliklərini bilən və heyrətamiz əsərlər yaradan istedadlar kənarda qalır, bazardan alınmış banan və min bir xırdavat dükanından alınmış yapışqan lentlə divara yapışdırılan banan isə 120.000 USD dəyərində qiymətləndirilərək satılır? Maurizio Kattelan və onun timsalında digər “banan tipli” müasir incəsənət əsərlərini yaradan yaradıcı insanlar əslində bizə nə demək istəyir? Gəlin bu problemin kökünə nəzər salaq.

Bu təhlilimi pozitivizm fəlsəfi cərəyanının ideyalarına əsaslanaraq cəmiyyətdə baş verən hər hansı bir hadisəni və ya istənilən insanın hər hansı bir hərəkətini onun yaşadığı mühitə baxaraq dərk etmək lazımdır deyərək mətləbə keçirəm.

 Ümumiyyətlə, incəsənət əsərini təhlil edərkən üç prizmadan yanaşmaq lazımdır. Birincisi, yaradıcının nə demək istədiyi, ikincisi, əsərin özünün necəliyi və nəhayət üçüncüsü, izləyicilərin bu haqda nə düşündüyü. Gəlin hər prizmanı qısa şəkildə incələyək. Birinci prizmamızı açmazdan öncə Maurizio Kattelan kimdir sualına cavab tapaq. Maurizio Kattellan deyərkən ağıla ilk olaraq hiper gerçək yaradan və öz heykəllərinə bir az yumor, bir az satira qataraq dünyaya ismarıc göndərən insan ağıla gəlir. Ən yadda qalan kompozisiyası isə meteroidin düşməsi ilə yıxılan Roma Papası II İohann Pavelin heykəli olmuşdur. Onun yaratdığı əsərlərə (hələ ki, əsər deyə bilirik) diqqətlə baxdıqda, fiqurların quruluş tərzi, onların adlandırılması və s. müəyyən ictimai ismarıcın olduğunu görə bilərik. Məsələn,  Roma Papası II İohann Pavel dünya arenasında yüksək nüfuzu olan, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlərin sıyahısına daxil olmuş bir şəxsdir. Bu cür siyasi fiqurun meteroidin düşməsi ilə yıxılmasını belə açıqlaya bilərik ki, bununla Kattelan “hər kəs təbiət qarşısında acizdir” demək istəyir. Deməli, mütləqdir ki, divara yapışdırılan bananla da simvolik olaraq demək istədiyi bir məna var. Amma, nə?

İkinci prizmamıza keçərək əsərin necəliyini gözdən keçirək. Banan və yapışqan lentdən ibarət olan “əsərin” necəliyini müzakirə etməyin absurd olduğunu deməyə ehtiyac belə yoxdur. Gəlin nəzərə alaq ki, Katellan Şanxayda Mikelancelonun Sikstin kapellasındakı tavan və divar rəsmlərinin replikasını hazırlayan bir rəssamdır. Onun çəkdiyi divar rəsmləri eynilə Mikelancelonun yaratdığı, mövzusu İncildən götürülmüş hekayələrdən ibarət olan heyrətamiz  kompozisiyaların birəbir kopiyasıdır. Demək, o incəsənətin dərinliklərinə kifayət qədər yiyələnmiş bir insandır. Bəs onda nəyə görə banan? Nəyə görə əziyyət tələb etmədən, bananı olduğu kimi divara yapışdırmaq? Məsələn, üstündə hər hansı bir oyma ilə bəzək ola bilərdi. Belə olsa idi müəyyən dərəcədə verilən dəyərin (120.000 USD) layiqli olduğunu anlamaq olardı.  

Üçüncü prizma isə izləyicilərin fikirləridir. Hər bir izləyici istənilən yaradıcılıq nümunəsinə fikir bildirməklə həmin əsərin mövcudolma dinamikasında müstəsna rol oynayır. Lakin bu o demək deyil ki, istənilən əsər haqqında istənilən mülahizə yürütmək olar və ya irəli sürülən bütün ideyalar doğrudur. Hər bir əsər öz özlüyündə müəyyən çərçivələr daxilində fikir irəli sürməyi diktə edir. Bu o deməkdir ki, fikir bildirərkən əsərin mövzusu, işlənmə texnologiyası, yaradıcısının həyat tərzi, psixikası, yaradıldığı tarixi şərait və s. digər nüanslarları nəzərə alaraq fikir irəli sürmək lazımdır. 

Bütün bunları bildikdən sonra artıq “Komedian” adlanan o məhşur banan haqqında ağıllı açıqlama verə bilərik. Biz artıq nəzərdən keçirdik və bilirik ki, Maurizio Kattelan əslində yalançı reklamlarla ad qazanan yox, həqiqətən çox bacarıqlı yaradıcı insandır. O, hər zaman dünyaya mətnaltı olaraq nəsə demək istəyir. Və hər zaman da öz qeyri-adi yaradıcılığı ilə gündəmə gəlir. “Kontemprari art” deyilən müasir incəsənət nümunələri ənənəvi olan yaradıcılığa meydan oxuyaraq, “olmaz”lara “olar” deyərək yaradılır. Məsələn, XIX əsrin sonlarından etibarən daha öncəki dönəm üçün səciyyəvi olan yaradıcılıq qanunlarının sınması aydın şəkildə müşahidə olunur. Ya mövzu artıq “nümunəvi”likdən çıxır, ya da işləmə texnologiyasına müəyyən dəyişikliklər gətirilir. “Komedian”ın nümuməsində biz obyekt və mövzu olaraq yeyilə bilən meyvə - bananı görürük. Lakin, banan divara yapışdırılmaqla artıq banan olmaqdan çıxır və özündə başqa anlamı daşımağa başlayır. Fəlsəfədə bu hadisə xüsusi bir terminlə - dekonstruksiya – sözü ilə ifadə olunur. Bir az daha aydınlıq gətirək. Məsələn, biz işıqfordakı işıqlara baxarkən orda sadəcə rəngli işıqlar deyil, onun bizə verdiyi informasiyanı görürük: təklükə var, dayan! və ya təhlükə yoxdur gedə bilərsən! Demək işıqfordakı işıqlar işıq olmaqdan çıxıb müəyyən məna yükü daşıyırlar. Müasir dünya iqtisadiyyatında “çirkli pulların yuyulması”nın ən təmiz yolunun hərraclarda və ya sərgilərdə incəsənət əsərlərinin baha qiymətə alınmasının olduğu hamıya məlumdur. Bunun üçün sadəcə kifayət qədər nüfuzlu əlaqələrinin olması və  media vasitəsilə yüksək piar (PR) bəs edir. “Komedian”la Katellan daha öncəki əsərlərinin ajiotajla qarşılandığını görərək incəsənət və mədəniyyət aləmində baş verən mənasızlıq və zövqsüzlüyə öz tərzi ilə etiraz etmiş kimi də qiymətləndirə bilərik. Bu nümunə ilə “altında Kattelanın imzası varsa, hətta dəyəri cüzi olan bir banan da 120.000 Dollar məbləğində satıla bilər” anlamının şahidi oluruq. Kattelan hər bir detala xüsusilə fikir verən sənətçidir. Əsərini “Komedian” – yəni məzhəkəçi adlandırır. Məntaltı şifrəsini artıq yavaş-yavaş dərk edirik, elə deyilmi?  

Hər üç prizmanı nəzərə aldıqdan sonra Kattelanın müasir incəsənəti “bananlaşdırmadığını”, əksinə onun “bananlaşmasına” qarşı çıxdığı üçün öz dilində etiraz etməsi nəticəsinə gəldik. Necə deyərlər, tələb var ki, təklif də yaranır. Amma bu təklifə öz tərzini qataraq, mətnaltı mənalarını ötürməyi ustalıqla bacarır. Müasir incəsənət toplumu da bunu istəyir. Ona görə də, hər hansı bir əsər yaratdıqda öz kimliyini unutmamaq şərti ilə, publikanın istəyinə uyğun olaraq, qeyri-adi tərzi seçməklə həm nümunəvi olmaq, həm də dövrün nəbzinə uyğun olaraq tanınmaq olar. 

Samirə Məmmədova 
Mədəniyyətşünas/Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi