Mübariz Mənsimovun kəndindən – Reportaj

mubariz-mensimovun-kendinden-reportaj
Oxunma sayı: 1875

Talış dağlarının ətəyində bir kənd var. Kasıb bir kənd... Miyankü. Adının mənası da dağ arası deməkdir. Füsunkar dağların əhatəsində olan elə çoxlarının tanımadığı bu oba Masallıda yerləşir. Bu kəndi tanımayanlar olsa da, yetirmələrini bütün dünya tanıyır. Təkcə bir nəfərin adını çəkmək kifayətdir ki, Miyankünün kimləri yetişdirdiyi aydın olsun. Məşhur iş adamı Mübariz Mənsimovla Miyankünü birləşdirən təkcə “M” hərfi deyil. Mübariz Mənsimovun atası əslən bu kənddəndir. Hazırda Mənsimovun qohumları da bu kənddə yaşayırlar.

Milyarderin kasıb kəndi

Əslində Mübariz Mənsimovun bu kənddə gördüyü işlər kifayət qədərdir. Miyankünü daşlı-palçıqlı yollardan hifz edərək çəkilmiş asfalt, informasiya əsrinin standartlarına cavab verən məktəb, mavi yanacağın kəndə yenidən bərpa olunması və. s işlər də məşhur iş adamının adı ilə bağlıdır.

1356 nəfərin yaşadığı kəndin özünəməxsus adətləri, qəribəlikləri var. Miyanküdə cəmi bir neçə gün qalmaq kifayətdir ki, buradakı sosial vəziyyətin çətinliyini gözlərinlə görəsən. Əslində kənd çox kasıbdır, amma kəndlilər niyəsə varlı görünməyə çalışırlar.

Hər ailədən bir nəfər Rusiyaya üz tutub

Kəndin sakinləri əvvəllər düyü, çəltik əkdiklərini, indi isə maldarlıqla məşğul olduqlarını bildirirlər. Bu kənddə elə bir ailə tapılmaz ki, bir və ya bir neçə üzvü Rusiyada işləməyə getməsin. Hələ Rusiyaya gedib qayıtmayan kişiləri demirəm. Onlar valideynləri ilə bərabər ailələrini kənddə atıb gediblər və illərdir bəzilərindən heç xəbər də yoxdur. Kənddə hər kəs işsizlikdən şikayətçidir. Kənd oğlanlarının həyat tərzi belədir. Məktəb, əsgərlik və Bakıda iş. Qeyd etdiyim kimi onlar vətənə xidmət edəndən sonra ən yaxını Bakıya işləməyə üz tuturlar. Bəziləri tikintidə həyatını belə itirir. Elə bu səbəbdən də Bakı onlar üçün arzuolunmaz, xoşagəlməz məkan kimidir. Sanki paytaxtla rayonlar arasında məsafələr azaldıqca, münasibətlər, düşüncələr dərinləşir.

Miyanküdə qadın olmaq da çətin və məsuliyyətlidir. Əslində kənddə bu kişi işidir deyə bir söz, iş yoxdur. Kəndin qadınları bütün işlərdə kişilərin yanındadır. Hətta bir çox qadınlar kişilərdən fərqli olaraq böyürtkən dərmək üçün meşəyə gedir. Günün qızmar istisinə baxmayaraq, 1 vedrəsi 60 qəpik üçün...

Burada hər il təxminən 35-40 toy olur. Kəndin toy adətləri barəsində çox danışmaq istərdim, lakin ondan da vacib toy zamanı ailə quran “uşaq-analar”dır. Bəli, onlar hələ uşaq ikən ailə qururlar və ya ailə qurmağa məcbur olunurlar. Əslində bu məqamda həmişə onların özünü ittiham edirdim, amma indi bütün günahı mühitin boynuna atıb onların saf olduğunun, sadəcə cəmiyyətin qurbanı olduqlarını gördüm. Bu balaca qızların ən böyük arzuları da toya gedib tezliklə ailə qurmaqdır. Çünki ondan başqa heç nə görmürlər...

15 yaşlı gəlin

Kənddə hər il 25-30 uşaq doğulur. Burada bəzi qız uşaqları 15-16 yaşında ailə qururlar. Halbuki, onların yaşıdları məktəbdə 8-9-cu sinifdə oxuyurlar... Bəziləri isə elə öz razılıqları ilə erkən yaşında ailə qurublar.

Ümumiyyətlə, bu kənddə qızlar elə 9-cu sinfə qədər məktəbə gedir. Ondan sonrakı illəri isə evdə keçirməyə üstünlük verirlər. Miyanküdən son 10 ildə ali məktəbə qəbul olan barmaqla sayılacaq qədər qız var. Amma bu kənddən 600-dən çox bal yığan oğlanlar olub. Qızlar, heç özləri də bilmir niyə məktəb oxumurlar. Çünki onlar belə görüblər və bu gördükləri mühit də hələ ki, belə də davam edir. Əlbəttə, oxumaq istədiklərini deyirlər, amma təkcə deyirlər...

15 uşaq doğan 24 nəvə və 5 nəticəsi olan qəhrəman ana

Bu kənd həm də çox uşaqlı ailələr və uzunömürlü insanların məskəni kimi tanınır. Kənddə hazırkı gənc ailələrdən fərqli olaraq yaşlıların ən çox 15 ən azı isə 6 uşağı var.

15 uşaq dünyaya gətirən Sərvinaz nənənin 3 övladı rəhmətə gedib. Hazırda 11 qızı, 1 oğlu olan qəhrəman ananın 24 nəvəsi, 5 nəticəsi var. Nənədən 15 uşağı dünyaya gətirməyin çətinliyini və qeyri-etik çıxsa belə səbəbini soruşuruq? O da gülə-gülə hər şeyi rəhmətlik həyat yoldaşının boynuna atır: “Əvvəl belə deyildi. Uşaq saxlamaq asan idi, daha doğrusu uşaq özü böyüyürdü. İndi öyrəşiblər uşağa pampers qoymağa. Bizim dövrdə pampers var idi?”

Kəndin ən yaşlı sakininin 80-dən çox yaşı var. O, 1927-ci ildə doğulan 85 yaşlı Rufullayev İbrahimdir. Hamının “İbi lələ” kimi müraciət etdiyi İbrahim kişi əslində yaşından çox cavan və çevik görünürdü. Özünü heç də yaşlı hesab etmirdi. Belə cavan və gümrah qalmağının səbəbini ömrü boyu işləməyində görür. Yeri gəlmişkən, Miyanküdə babaya hər kəs “lələ” deyir və hamının burada öz lələsi var.

“Yaxşı qız” internetə girməz

Elə kənd əhalisi ilə həmsöhbət olarkən hamı bir-bir hansı qəzetdən olduğumu soruşurdu. Mən də qəzetdən olmadığımı, izah edə biləcəyim qədər kəndin bir çox sakinləri üçün yeni olan xəbər saytlarının iş prinsipi barəsində danışdım. Kənddə “internetdə işləmək” sözü belə yaxşı səslənmir və qarşılanmırdı. Çünki internet deyəndə Miyanküdə gəncləri çıxmaq şərti ilə adamların təsəvvüründə nəsə əxlaqsız bir şey canlanır.

Elə mən də kənd sakinlərindən internetdən nə dərəcədə istifadə etdikləri ilə maraqlandım. Məlum oldu ki, İbi lələ kimi yaşlı nəslin nümayəndələri ancaq AzTV-yə baxır. Gənclər isə Bakıdakı kimi “Facebook”dan tutmuş odnoklasnik.ru, mail.ru hamısından xəbərləri var. Bu zaman onlardan virtual dünyadan nə dərəcədə yararlandıqlarını soruşdum. Aydın oldu ki, onlar daha çox telefonla internetə girirlər və əsasən kiminləsə tanış olmağa, ya da həmsöhbət olmağa üstünlük verirlər. “Bəs kənddə qızlar necə, internetdən istifadə edirmi” sualına “oğlanlar yaxşı qız inernetə girməz”- cavabını verirlər. Bu mövzuda onlarla çox danışdım, mübahisə etdim, amma faydası olmadı...

Bəs qızlar niyə internetə girmir sualına da cavab axtarmağa çalışdım. Sonra öyrəndim ki, kəndin bir çox qızları da sosial şəbəkələrin istifadəçisidir. Ancaq onlar bunu gizlədirlər və başqa adlarla həmin şəbəkələrə üzv olublar. Bunun səbəbi sadəcə internetdən istifadə edən qızlara pis baxılmasıdır. Fərqi yoxdur, internetdən nə üçün istifadə edirsən?

Hər evdə peyk antenna var

Bu arada kənddə diqqətimi çəkən ən əsas məqam isə hər bir evdə peyk antennaların olması idi. Burada hər kəs türk kanallarına baxır və bütün serialların qəhrəmanlarını öz yaxınları kimi tanıyır. Səbəb isə hamımızın hər gün səsləndirdiyi fikirlərdir: “Azərbaycan telekanallarında nə gedir ki?”

Beləliklə, Miyanküdə qısa müddət ərzində gördüklərim və eşitdiklərim məişət problemləri Azərbaycanın bütün rayonlarında eyni olduğunun şahidi oldum. Amma Miyankünün qonaqpərvərliyi ilə başqa kəndi nə dərəcədə müqayisə etmək olar bax ona əmin deyiləm. Bizə isə sadəcə növbəti ziyarətimizdə bu problemlərlə qarşılaşmamağı ümid etmək qaldı.

Masallıdan geri qayıdarkən bütün gördüklərim gözümdə canlanırdı. Nə qədər ki, Bakıdan rayonları yuxarıdan aşağı seyr etsək, o qədər də bu problemlərlə üzləşəcəyik. Ya biz aşağı düşməyi bacarmalıyıq, ya da onları yuxarı qaldırmalıyıq.

Günel Əbilova