Nazirlikdən yeni artımlarla bağlı daha bir açıqlama

nazirlikden-yeni-artimlarla-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 2956

“Prezident İlham Əliyevin müavinət və təqaüdlərin artırılması ilə bağlı bugünkü fərman və sərəncamları ölkədəki islahatların davamıdır. Təqribən 730 mindən artıq vətəndaşın sosial ödənişlərinin artımına xidmət edəcək. Ən həssas təbəqədən olan vətəndaşların aylıq gəlirinin artırılması üçün 200 milyon manat ayrılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirilən brifinqdə bildirib.

Nazir müavini qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47% artırılıb.

Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat idisə, 2019-cu ilin aprelindən 100 manata çatdırılıb. Yeni fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Son üç ildə bu müavinət 76,5 % artırılıb.

A. Kərimov əlavə edib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət 100 manatdan 120 manata çatdırılır. Bununla da həmin şəxslər üçün müavinətdə üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artım baş verir.

Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Ümumilikdə son üç ildə bu müavinət 2,1 dəfə artırılaraq 33 manatdan 70 manata çatdırılıb.

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşağa görə müavinət isə yeni fərmanla 55 manatdan 70 manata çatdırılıb. Bununla da həmin uşaqlar üçün müavinətdə üç il əvvələ (45 manat) nisbətən 55,6% artım baş verir.

“Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb. Bu müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb. Hazırda demoqrafik artımlar davam edir. Biz 10 milyonuncu vətəndaşın gəlişini qeyd etdik. Düşünürük ki, 100 manatlıq artım yeni ailə üzvlərinə dəstək üçün mühüm rol oynayacaq”, - deyə nazir müavini əlavə edib.

Gülnar Əliyeva