“Neftçi” ilə oyun maraqlı olacaq

neftci-ile-oyun-maraqli-olacaq
Oxunma sayı: 646

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Qarabağ" klubunun hücumçusu Rauf Əliyev deyib.

"Simurq"la oyunda vurulan yeganə qolun müəllifi olan Rauf görüşlə bağlı daha sonra belə danışıb: "Komandada özünəinam var idi. Yaxşı oyun sərgilədik və istəyimizə nail olduq.

Matçın sonlarına doğru üstünlüyü əldən versək də qələbə hesabını qoruya bildik. "Simurq"un son dəqiqələrdə hücuma atılması da normal idi. Çünki biz qalib gəlirdik, meydan sahibləri isə uduzurdular.

Oyunboyu yaxşı təsir bağışladıq. Çoxlu qol imkanlarımız oldu ki, birindən də istifadə edib qələbə qazandıq. Qol vuracağımı hiss edirdim. Şükürlər olsun ki, belə də oldu. Çalışacağam ki, qarşıdakı oyunlarda da fərqlənməklə qollarımın sayını artırım".

Əliyev eyni zamanda qarşıdakı turlarda keçiriləcək "Neftçi" və "Bakı" ilə oyunlara da toxunub: "Növbəti görüşümüz "Neftçi"yə qarşı olacaq. Son çempiona qarşı oyunun çətin keçəcəyini bilirik. Rəqibimiz də yaxşı komandadır. Uzun müddətdir bir yerdə oynayan futbolçulardan təşkil olunub. Maraqlı görüş olacağına inanıram. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq.

"Bakı" ilə oyuna gəldikdə isə Premyer Liqada sıx qrafikin olması komandanın yorğunluğuna səbəb ola bilər. Ancaq bu sınaqdan üzüağ çıxa bilsək, bizim üçün qarşıdakı oyunlarda daha yaxşı olacaq. Ardıcıl olaraq iki vacib görüşə çıxacağıq.

Əgər bu qarşılaşmalardan istənilən nəticə ilə ayrılsaq, çempionluq uğrunda daha rahat mübarizə aparacağıq. Komandada müəyyən itkilər olsa da, bu bizim oyunumuza ciddi təsir etməyəcək. Çünki "Qarabağ" hər zaman komanda oyunu nümayiş etdirir. Ümid edirəm ki, hər iki oyundan sərfəli nəticə ilə ayrılacağıq".