Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi RİH başçısı Asif Əsgərov, ADNSU-nun rektor əvəzi Vazeh Əsgərov, rayon ictimaiyyəti, ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə ADNSU-nun rektor əvəzi Vazeh Əsgərov açıb, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verilməsindən danışıb. Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanıb və həyata keçirilməyə başlanıb. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılıb, təzə qurğular inşa olunub.
Nəsimi RİH başçısı Asif Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalandı və beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adlandırıldı. Bu müqavilə layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Belə ki, hələ o vaxtlarda SOCAR-ın birinci vitse-prezidenti olan İlham Əliyev xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlərdə qətiyyəti və səriştəliyi sayəsində Azərbaycan dövlətinin maraqlarını geniş miqyasda qoruya bilmişdir. Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin üzləşdiyi problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır.
Ulu öndər dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur. Ümumilikdə isə demək olar ki, neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoyub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft - enerji deməkdir, enerji isə sərvətdir». Məhz Prezident İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq vətəndaşlarımızın rifah halının yüksəlməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət edir.
Son xəbərlər
Son Xəbərlər