“Niyə bizim uşaqlarımız öldü?” – Müsahibə

niye-bizim-usaqlarimiz-oldu-musahibe
Oxunma sayı: 938

Türkiyə - yenilməz cahangirləri, sərkərdələri dünya tarixinə verən səltənətim. Səndən, əsla, əlimi çəkmərəm. Dünyada son nəfəs, son bəşər övladı qalana qədər sənin uğrunda savaşacağam. Sənin uğrunda savaşmaq, ölmək bir onur, qürur məsələsidir. Bəlkə, yenə də bir Atatürk çıxacaqdır bu torpaqlardan. O gün gələnə qədər mən sənin uğrunda öz mübarizəmə davam edəcəyəm. Mən bu mübarizəyə inanıram, sən də inan! Yetər ki, sən üzülmə, ayaqların üzərində dur, dayan, yenilmə!

1915-ci ilin 18 martı Türk dünyası tarixində ən şərəfli və eləcə də, dünya tarixində önəmli səhifənin yazıldığı bir tarixdir. Söhbət Çanakkale zəfərindən gedir. Bu zəfəri anmaq və zəfəri əldə etmə yolunda canını fəda edənləri xatırlamaq üçün Türkiyə dövləti hər il 18 martı "Şəhidləri Anma Günü" kimi qeyd edir. Mən də bu günlə bağlı məlumat almaq və son zamanlarda hey terrorla savaşan, ağır, qarmaqarışıq günlərdən keçən Türkiyənin durumu ilə bağlı söhbət etmək üçün ən yaxşı həmsöhbət kimi Gönül Alpaydınla danışıram. Söhbətimiz, əslində, çox sadə və səmimi keçdi. Gönül xanım ağsaçlı, nurlu siması olan bir türk qadınıdır. Üzərində illərin böyük məsuliyyətini daşımış bu xanım Şəhid ailələri və qazilərlə bağlı dərnəyin başqanıdır. Özü deyir ki, haqqında danışdığımız bu dərnək ilk rəsmi dərnəkdir ki, Atatürkün əmri ilə Çanakkale savaşından qayıdan, əlini-qolunu müharibədə itirmiş qazilərin də yardımıyla 1915-ci ildə qurulmuşdur.

- Bilirsiniz, yəqin ki, hər il "Şəhidlər günü" kimi xatırlayırıq. Bu gün və 18 mart Çannakkale savaşıyla bağlı düşmənin dənizdə və quruda məğlubiyyətə uğradıldığı önəmli bir tarixi gündür. Təbii ki, Türkiyəni paylaşmağa gələn müttəfiqlər (İngilislər, fransızlar və rusları nəzərdə tutur) o günün şərtlərinə görə daha üstün texnikaya sahib idilər. Türkiyə o zamanlar Osmanlının son günlərini yaşayırdı və əlində doğru-düzgün heç bir şeyə sahib deyildi. Fəqət, bizimkilər iman gücüylə əllərindəki hər cür imkandan istifadə edərək, vətənlərini qorumaq yolunda bu böyük gücün qarşısında müzəffər oldular. Sarıkamışda donaraq şəhid olan 90 min və Çanakkaledə təxminən 250 min əsgərimiz şəhid olduğu söylənilir. Təbii ki, o şəhidləri anmaq bir vəfa borcudur və dərnəyimizin də ismindən göründüyü kimi - "Qazi və şəhid dərnəyimiz" onları sevgiylə, sayğıyla yad edir. Əlimizdən gələn budur, sadəcə. Dərnəyin tarixində ilk qadın başqanı da mən oldum və bununla da qürur duyuram. Türkiyədə çox dərnək var. Baş nazirimiz də dedi, dərnək inflyasiyası var. Amma onların çoxu rəsmi deyildir. Fəqət, bizim dərnək protokolda yeri olan rəsmi dərnəkdir. Burada 1200 üzv var. Bunların yeddi yüzü şəhid ana və atalarıdır, geriyə qalanlar isə qazilərdir. Dövlətdən hən hansı bir dəstək də almırıq. Üzvlərdən alınan ildə 25 tl (təxm. 12 manat) pul ilə və xeyirsevər vətəndaşların köməyi ilə dərnək ayaqda durmağa çalışır. Bilirsiniz, dərnəyin də özünə görə xərcləri var. Buraya şəhidlərin ana-ataları, qazilər hər gün gəlirlər. Biz onların bəzi problemlərini həll etmələrinə, faydalana bilmədikləri haqlarını əldə etmələrinə yardım etməyə çalışırıq. Ancaq, məncə, ən böyük yardım buraya gələn şəhid ailələrinə qucaq açmaq, onlara mənəvi dəstək verməkdir. Biz onların cənazələrində, toylarında iştirak edirik. Burada İstanbul şöbəsi olaraq min nəfərlik bir ailəyik. Dövlət də onlara ayrıca dəstək verir, ancaq mən o dəstəyi "qan bədəlinin taksitlə ödənilməsi" kimi qiymətləndirirəm.

- Hökumətin Apoyla olan görüşlərini necə dəyərləndirirsiniz?

- Tək mən deyil, buraya gələn şəhid ailələrinin içində bir nəfər də olsun bu görüşlərin tərəfdarı olduğunu demir. Apoyla görüşüləcəkdisə, niyə onu məkhum edirdilər? Bizim uşaqlarımız boş yerəmi öldü? Madam ki, sonda bu adama əl verəcəkdik niyə bizim uşaqlarımız öldü? Təbii ki, o çoxluğun dediyi önəmlidir. Başqan olaraq mənim nə dediyim önəmli deyil. Ancaq mən də onlar kimi düşünürəm. Bu bir onur mübarizəsidir. Bir halda ki, biz onurumuz üçün öldük, o zaman niyə üz-üzə bir masada oturmalıyıq? Bəlkə də, hökumət bəzi şeylərə məcbur qalır, biz hökumətin nə etmək istədiyini də tam olaraq bilmirik. Amma biz onlarla razılığa gedilməsini istəmirik. Mən çox az insanın "qan dursun, bu iş bitsin", deyə, bu işə dəstək verirəm dediyini duydum, bəlkə də, on nəfərdən biri bunu deyər, ya da deməz. Lakin mətbuat təbii ki, öz mənfəətini düşünərək Türk insanı adından guya 70 faizin bu işə dəstək verdiyini deyərək, insanları qandırmağa çalışır.

- Son zamanlarda Xocalıda şəhid olanların ailələrindən Türkiyəyə millətsevər insanların dəstəyi ilə gələnlər oldular. Onlarla da hər hansı bir münasibətiniz varmı?

- Təbii ki, Xocalıda vəfat edənlər də bizim ana-atalarımız, övladlarımız, doğmalarımızdırlar. Bunun əksini düşünmək yanlış olar. Onların ailə üzvləri buraya gəldilər, amma bizimlə bir ilətişim qurmadılar. Misal üçün, dərnək burdadır, əgər gəlsəydilər, öz şəhid ailələrimiz kimi onlara da qucağımızı açardıq. Çünki, haqqını qoruduqları mübarizə ülvi mübarizədir. Əgər bundan sonra münasibət qurarlarsa, onlara da qucağımızı açarıq. İnanın ki, "slayt"larda göstərilən qətliamlara baxdım, onların başına gətirilən vəhşiliklər günlərlə gözümün önündən getmədi. Qarabağda, Xocalıda vəfat edən şəhidlərin önündə baş əyirəm, Allahdan onlara rəhmət diləyirəm.

- Mətbuatda deyirlər ki, "lazımdırsa, analar ağlamasın deyə, terrorist başçısıyla görüşülsün". Bununla bağlı düşüncəniz nədir?

- Mətbuata baxsaz, onlar istədiklərini yazırlar. Onların ürəyi yanmadı axı. Bir də bu şəhid olanların, ürəkləri közə dönənlərin ailələrindən nəsə soruşdularmı? Əcəba, onlar nə düşünürlər deyə, onların duyğularıyla maraqlansalar, bir az fikirləri dəyişər, deyə, düşünürəm. Tükiyə dövləti orta şərqin ən önəmli dövlətidir. Amma bu dövləti yıxmaq üçün sağdan-soldan propoqandalar yaradırlar. Şəhid ailələri, əlbəttə ki, Apo ilə olan görüşləri üzüntü qaynağı kimi düşünürlər.

- Azərbaycan bilirsiniz ki, atəşkəs olsa da, əslində müharibə şəraitində bir ölkədir. Amma Azərbaycanda son illərdə intihar edən, naməlum səbəblərdən ölən əsgərlərimizin sayı artmışdır. İstər Azərbaycanda, istərsə də Türkiyədə bununla bağlı yürüşlər keçirildi. Bir də Azərbaycanda belə bir düşüncə var ki, Türkiyədə hərbi xidmətə göndərilən gənclər PKK terroristlərinin qarşısına hazırlıqsız çıxırlar.

- PKK terroristləri 8-10 yaşlarından dağlarda savaşaraq hər cür alışqanlıqlara sahiblənmişdirlər. Amma bunlar bir də dağların, daşların arasında saxlanaraq gizlicə, sinsicə vururlar arxadan gənc əsgərləri. Bizim gənc əsgərlərimiz, 20 yaşında gənclər, bəlkə də, çox yaxşı hazırlıq keçməmişdir. Amma qarşısındakı "vur-qaç" sistemini həyata keçirən, çox təcrübəli bir terroristdir. Onlar kişi olsaydılar erkək kimi savaşardılar. Mən, sadəcə, deyirəm ki, dədələri adam olsaydı da onlara vətən, bayraq buraxsaydı. Hər kəsin qanıyla qazandığı torpaqları onlar oğurlayaraq qazanmaq istəyirlər. PKK və Xocalıdakı erməni qətliamları necə də bir-birinə bənzəyir. Və Qərb onu dəstəkləyir. 80 min qaçaq çalışan erməni insanı vardır ki, onlar burada qaçaq yaşayırlar. Biz bu yolla onlara dəstək veririk. Heç heyvanlarda da belə vəhşilik yoxdur. Bir aslan qarnını doyuzdurduqdan sonra saldırmaq istəmir. Kənd yerlərində, Xocalıda torpaqlarını qoyub getməyən, əli-ayağı yalın insanların ermənilər tərəfindən başına gətirilən oyunların bənzərini PKK terroristləri günahsız insanların başına açırlar. Əlbəttə ki, yeri gələndə insan haqlarından danışan Avropa ermənilərin günahsız yaşlıların, cocuqların, qarnı süngülənən hamilə qadınların başlarına gətirdikləri qarşısında susur, ermənilərin bu vəhşiliklərini dəstəkləyir. Biz Avropa Birliyinə girmək istəyirik, amma mən AB-yə filan girməyin tərəfdarı deyilən. Avropa bizə bir şey öyrədə bilməz. Onlar türklərə vəhşi, barbar deyirlər, amma barbarlar bu vəhşilikləri dəstəkləyənlərdir, onların qarşısında susanlardır. "Analar ağlamasınlar" deyə Türkiyənin cənub şərqini bunlaramı verək yəni? Azərbaycandakı analar qəbul edərmi ki, Qarabağı ermənilərə təslim etsinlər? O zaman Azərbaycanın paytaxtına qədər gəlsinlər, eləmi? Qatilləri əfv edək yəni? NATO-nun düzəltdiyi xəritələr var ki, orada Türkiyənin quzey-şərqini ermənilərə, güney-şərqini də kürdlərə parçalayaraq göstərirlər. Mən NATO-ya da YOX deyirəm. NATO qurulduğundan bu yana Türkiyəyə necə bir dəstək verib, mən hələ də anlaya bilmirəm. NATO Türkiyəyə dəstək vermiş olsaydı, Kandil olayı da olmazdı. Mən Amerikanı müttəfiq görmürəm. Çünki "Amerika kimi müttəfiqin varsa, düşmən axtarma", deyirəm. Amerikanın başında, sadəcə, bir şey var, məzlum ölkələrə acımadan bütün ölkələrin doğal qaynaqlarını ələ keçirməkdir. Bunları düşünmək lazımdır. Biz ölkəmizi sevirik, bizim başqa gedəcək yerimiz yoxdur. Mən Azərbaycan üçün də eyni şeyi düşünürəm. Onlar da bizim türk qardaşlarımızdır. Onlar da qürurları üçün savaşdılar.

- Yaxşı, o zaman soruşmaq istəyirəm, Türkiyənin Amerika və Avropa ilə müttəfiqliyinə qarşısınız. Amma Azərbaycan da eynilə, biz istər diplomatik, istər iqtisadi baxımından Rusiya və Qərb ölkələri ilə münasibət qurmağa məcburdur. Siz nə təklif edirsiniz? Türk dövlətləri nə etməlidir, onlar necə münasibət qurmalıdırlar? PKK-ya, erməni terroruna dəstək verən bu ölkələrdən necə uzaq durmalıyıq, onlara qarşı necə tədbirli olmalıyıq?

- Əlbəttə, mən demirəm ki, biz öz içimizə qapanaq, ancaq öz mənfəətlərini düşünən müttəfiqlərimizi də ayırmağımız lazımdır. Əlbəttə burada əsas vəzifə siyasətçilərimizin üzərinə düşür. Məsələn, mən nə qədər Amerikada qaldım. Onların siyasətçiləri hər nə düşünsələr, danışsalar, ən sonda deyirlər ki, "hər şey amerikan xalqının mənfəəti üçündür". Niyə bəs bizdə türk nazirləri, siyasətçiləri də onlar kimi "hər şey türk xalqının xoşbəxtliyi üçündür" demirlər, düşünmürlər? Amerika bu qədər güney-şərq məsələlərində, guya, bizə dəstək verirdi. O zaman niyə bu qədər şəhidimiz olurdu? Demək ki, biz özümüzə güvənəcəyik, türk dövlətləri bir-birinə dəstək verəcəkdir. Qıraqdan nə Amerika, nə Avropa bizə dəstək verər. Biz öz mənfəətlərimizi ilk başda düşünməliyik. Məsələn, Amerika İraqda öz mənfəətini düşünür. Sən, Amerika, 10 min km uzaqda öz mənfəətini düşünürsən, Türkiyə 50 km yaxınlığındakı ərazisini qorumasınmı? Niyə Amerika bizim önümüzə keçir? Eləcə də, Ermənistana dəstək verir. Niyə Azərbaycana "demokratiya gətirmək" uğrunda mübarizə aparır, Ermənistana deyil? İraqa demokratiya gətirir. Yəni bir ölkənin başına fəlakətmi gəlməlidir ki, ağlı başına gəlsin. Biz öz gələcəyimizi özümüz müəyyənləşdirməliyik.

- Atatürkün Türk müsəlman ölkələrinin ittifaqını yaratmaq uğrunda düşüncəsi vardı. Biz niyə Amerikaya izin veririk ki, "Ortadoğu layihəsini" "demokratiya lokumu" kimi bizə təqdim eləsin? Məgər Türkiyə dövləti başda olmaqla türk dövlətlər arasında belə bir ittifaq qura bilməzdimi?

- Əlbəttə ki, belə bir ittifaq yaradılmağa cəhd göstərilsə idi, Amerika heç bir zaman izin verməzdi. Bir şəkildə bunu pozardı. Öz mənfəətləri istiqamətində burada da PKK-ya görürsünüz ki, öz dəstəyini verir. Mən inanıram ki, nə zamansa gələcəkdə belə bir birlik olacaqdır türk dövlətləri arasında. Buna çox ümid edirəm...
Bəli, Gönül xanım, biz də bütün qəlbimizlə buna ümid edirik. Nə zamansa türk yenə də cahana öz sözünü deyəcəkdir.
18 mart yalnız şəhidləri anma günü deyil, həm də O şanlı zəfəri anma günüdür. Zəfər bayramın qutlu olsun deyirəm, türk dünyası və Türkiyə!

Günel Əhmədova