Son günlər bir çox mətbuat orqanlarında, o cümlədən də “Qafqazinfo”da nüfuzlu avtoritetlər Rövşən Lənkəranski ilə Qocanın arasında baş verənlər haqqında maraqlı məlumatlar dərc olunur. Həmin məlumatlarda bu iki avtoritet arasında nüfuz davasının getdiyi və bu davanın MDB-nin bütün qanuni oğrularının “razborka”sına çevrildiyi bildirilir. Belə ki, indi oğru dünyası adıçəkilən bu iki şəxsin arasında seçim etməli və onlardan birini dəstəkləməlidir. Bu proses itkisiz də ötüşmür. Elə bir neçə gün əvvəl Qocanın yaxın adamlarından biri olan məşhur killer Abdul Donqayevin öldürülməsi və onun dəfnində iştirak etmək üçün Azərbaycana onlarla nüfuzlu avtoritetin gəlməsi haqqında xəbər yaymışdıq.
Bu gün isə daha maraqlı bir məlumat əldə etmişik. Bu məlumat da Rövşənlə Qocanın nüfuz davası ilə bağlıdır. Məlumata görə, hazırda Rusiyada həbsdə olan nüfuzlu avtoritet “Oğru Dadaş” da məlum “razborka”ya cəlb edilib. Bu yerdə qeyd edək ki, “Oğru Dadaş” bir ildən çoxdur ki, Rusiyada narkotik ittihamı ilə həbs edilib. Ona 4.5 il həbs cəzası kəsilib. “Oğru Dadaş” Bakının “Kubinka” qəsəbəsində doğulub və burada yetişib. O, vaxtı ilə Kürdəxanı bələdiyyəsinin sədri olan və oğru dünyasında yüksək nüfuza sahib Tahir Əmirxanovla da yaxın qohumdur. Buna görə də, “Oğru Dadaş”ın Bakı kəndlərindəki avtoritetlərlə yaxşı münasibətləri mövcuddur.
Bu baxımdan onun qarşısında Rövşən Lənkəranski ilə Qoca arasında seçim şərtinin qoyulması mühüm əhəmiyyətə malikdir. Onun bu seçimi ilə tərəflər arasındakı qüvvələr balansının dəyişəcəyi şübhəsizdir. Məlumatlara görə, “Oğru Dadaş” hər iki nüfuzlu avtoritetlə yaxın münasibətdə olduğu üçün seçim etmək problemi ilə qarşılaşıb. Lakin onun qərar verəcəyi və avtoritetlərdən birini seçərək onun tərəfində olduğunu bəyan edəcəyi yaxın günlərin gözləntisidir.
Son xəbərlər
Son Xəbərlər