Ömrümün son 24 saatı...

omrumun-son-24-saati
Oxunma sayı: 21556

Ömrümə 24 saat qalsaydı, yəqin ki, bundan gözəl dəyərləndirə bilməzdim. Hər halda o biri dünyaya getmədən, bu biri dünyanın çempionatını izləmək əla fürsət idi. Neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkəsinə - Qətərə getmişdik.

O biri dünyaya daha çox inanan ərəblər, bu biri dünyanın çempionatının təşkilinə 200 milyard dollardan artıq vəsait xərcləmişdi. Bu, 2018-ci ildə dünya çempionatına ev sahibliyi edən Rusiyanın xərclədiyi vəsaitdən 17 dəfə çoxdur. Mundial şimal qonşumuza 13 milyard dollara başa gəlmişdi.

Bizi Bakıdan paytaxt Dohaya aparan təyyarə də bu ölkəyə məxsus idi. Çarter reysi təşkil edən “Qatar Airways”in göyərtəsində 90 sərnişin yer almışdı. Səfərin təşəbbüsü isə “ETOPAZ”dan gəlmişdi. Sərnişin heyəti şirkətin VİP müştəriləri, şou-biznes nümayəndələri və jurnalistlərdən ibarət idi.

Üç saatın tamamında artıq “hava gəmisi” Fars körfəzinin üzərində dövrə vuraraq, Həməd aeroportuna enişə hazırlaşırdı. 2014-cü ildən istifadəyə verilən, 600.000 kvadrat metrlik sərnişin terminalına məxsusluğu ilə Qətərin ən böyük binası olan aeroport, 1995-ci ildə atası İsveçrədə ezamiyyətdə olarkən ailə üzvlərinin dəstəyi ilə onu devirən Həməd bin Xəlifə Al Taninin adını daşıyır.

Ərəb hökmdarları arasında o, mütləq hakimiyyəti əlində saxlamasına baxmayaraq, mütərəqqi lider hesab olunur. Neft-qaz sahəsində brendləşən “ExxonMobil”, “Shell”, “Total” kimi şirkətlər məhz onun hakimiyyəti dönəmində ölkəyə investisiyalar yatırıb. Həməd bin Xəlifə Al Tani eyni zamanda, regionda qadınlara səsvermə hüququ verən ilk ölkə başçısıdır. Məşhur Əl-Cəzirə telekanalı da məhz onun fərmanı ilə təsis edilib. 2013-cü ildə isə o, əmirlikdəki hakimiyyəti oğlu, vəliəhd şahzadə Tamim bin Həməd Al Taniyə ötürərək təqaüdə çıxıb. 

Neftin bu ölkədə kəşfinə qədər əhali balıqçılıq və ovçuluqla məşğul olub. 1940-cı ildə isə ölkənin taleyi tamamilə dəyişib. Yəni, Qətərin tilovuna qızıl balıq əvəzinə “qara qızıl” düşüb. İndi ölkə dünyada qaz ehtiyatlarının həcminə görə 3-cü yeri tutur.

Aeroportda 45 dəqiqəlik “Pasport-control”dan sonra paytaxt Dohanın mərkəzinə doğru istiqamət alırıq.

Qətərin yol infrastrukturunun möhtəşəmliyinə şahidlik edirik. Ölkədə dünya çempionatının keçirilməsinə, Qətərin 2,5 milyondan çox əhalisinin 1,2 milyonunun paytaxtda məskunlaşmasına baxmayaraq, Bakı-Sumqayıt yolundakı tıxaca burada rast gəlmək mümkün deyil.

Bu, təyyarələrin eniş zolağı boyda olan, 5-6 zolaqlı magistral yolların, eyni zamanda, çoxlu körpülərin sayəsində belədir. Onu da deyim ki, Qətərdə olduğumuz müddətdə təxminən 150 km yol qəth etdik. Amma bir dənə də olsun, radara rast gəlmədik. Təəssüf ki, sürücümüz ingilis dilini bilməyən pakistanlı idi. Ona görə də sualıma cavab tapmadım ki, görəsən, radar yoxdursa, Qətərdə sürücüləri nəyə və hansı səbəbə görə cərimələyirlər?

45 dəqiqəlik məsafədən sonra nəhayət, gəlib Dohaya çatırıq. Bu şəhəri səhra ortasında möcüzə adlandırardım. Belə bir gözəlliyi, möcüzəni sadəcə, Tanrı yarada bilərdi, amma bu dəfə müəllif hüququnu bəndələrinə vermişdi.

Səhər evdən şirinçay içib çıxmışdım, axşam isə Ərəb körfəzinə baxan, 5 ulduzlu “Sheraton” hotelin həyətində yerləşən “Nusr-Et” restoranında şam yeməyi üçün səfər yoldaşlarımızla bir masanın ətrafında əyləşmişdik. Əvvəldən rezerv edildiyinə görə restoranda boş yer tapmaq üçün növbə gözləmədik. Biz adını brendə çevirən Nusrətin restoranında ət təamlarının dadına baxarkən, növbədə ayaq üstə təxminən 50-dən çox qonaq gözləyirdi. Halbuki “Nusr-Et”in qarşısında gözləmək əvəzinə, rahatlıqla hotelin həyətindəki digər 6 restoranın birində əyləşə bilərdilər.

Onu da öyrəndim ki, dünya çempionatına görə, hər gün “Nusr-Et”də 1500-1700 qonaq hesab ödəyir, adi günlərdə isə bu rəqəm 700-800 arası dəyişir.

Qiymətlərə gəlincə, təxminən 100 qram ətdən hazırlanmış təama görə ödənilən məbləğ 50 manat təşkil edir. Təkcə soğandan hazırlanan və “Soğan çiçəyi” adı verilən, bizim masada isə çoxunun adını eşidib dadına baxmaq belə istəmədiyi yeməyin qiyməti isə 35 manat idi.

Yeməklər dadlı olmağına dadlı idi, ona söz yox. Amma xüsusi bir şey var idimi? Zənnimcə, yox! Bizim Bakıda bişirdiyi ətlərlə məşhurlaşan Bərdəli Ədalət Nüsrəti mətbəxə duzsuz aparıb, duzsuz gətirər. Sadəcə, fərq ondan ibarətdir ki, Nüsrətin restoranına gələn hər kəs onunla şəkil çəkdirir, hətta brendə çevirdiyi duzu xüsusi qablaşdırmada müştərilərə satır. 

Şam yeməyindən sonra 8 bələdiyyədən ibarət olan Qətərin El Xauruna - İspaniya - Almaniya matçının keçiriləcəyi “Al-Bayt Stadium”a yola düşürük.

60 min azarkeş tutumu olan bu arena “Lusail”dən sonra Qətərin ikinci ən böyük stadionudur. Ötən ilin noyabrında açılışı olan stadion mundialın artıq 4 oyununa ev sahibliyi edib, beş qarşılaşma isə qarşıdadır. Arenanın memarlıq dizaynı ilhamını Qətər və regionun köçəri xalqlarının ənənəvi çadırlarından alır. Azarkeş arenaya daxil olanda özünü çadıra daxil olmuş kimi hiss edir. Sadəcə, bu “çadır” 4 mərtəbədən ibarətdir.

“Al-Bayt Stadium”da ən çox diqqətimi çəkən isə arenanın divarında buranın tikintisində iştirak edən işçi qüvvəsinin şəkillərinin naxış formasında əks etdirilməsi idi. Bu, eyni zamanda, işçi qüvvəsinə - fəhlə sinifinə verilən dəyərin göstəricisi idi.

Biz stadionun giriş qapısına çatanda, hakimin start fitini səsləndirməsinə 35 dəqiqə qalmışdı. Buna qədər isə avtobusdan düşüb stadiona qədər 15 dəqiqə piyada yol gəlmişdik. Arenanın qarşısında oyuna giriş bileti almaq istəyən ərəblərə rast gəlirik. Elə biri əlimdəki bileti görüb ingilis dilində onu almaq niyyəti olduğunu dedi. Mərkəzi sektora olan biletin qiyməti 1000 dollardan ucuz deyildi, onu istədiyin qiymətə satıb Bakıda rahatlıqla “Vaz-2107” almaq olardı, amma ağılı olan “cənnətə bilet”i niyə başqasına versin ki?

Dəyəri milyonlarla ölçülən ulduz futbolçuların qarşılaşması başlayır. Açığı, azarkeşə görə heç min dollarlıq oyun sərgiləmədilər, daha çox nəticəyə oynadılar. Amma istənilən halda İspaniya İspaniyadır, Almaniya da Almaniya!

Tribunalar isə daha möhtəşəm, daha ecazkar görünürdü. Möhtəşəm azarkeşlik ənələri bir kənara qalsın, təsəvvür edin, qarşılaşma ərzində bir nəfər də olsun, nə tribunada, nə də onda kənarda siqarət çəkdi. Heç oyun zamanı tum çırtlayıb qabığını yerə atana da rastlamadım. Qətər ərəbləri də bu baxımdan həm ispanlardan, həm də almanlardan geri qalmırdı. Daha bilmədim, onlarda da “Özünü ağıllı apar, evdə qonaq var” söhbəti var, yoxsa yox...

Hesab 1-1 oldu. Elə biz də bir-bir arenanı tərk edib avtobusa yola düşdük. Stadionun dolub-boşalması zamanı heç bir çətinlik, sıxlıq yaşanmadı. Əksinə, hər kəs çox rahat şəkildə areananı tərk etdi. Sadəcə, stadiondan avtobusa qədər təxminən 1,5 - 2 km piyada məsafə qəth etdik ki, bu təcrübəni də daha əvvəl Bakı Olimpiya Stadionunda yaşamışıq.

Aeroporta getməli idik, gecə saat 4-də bizi gətirən təyyarə Bakıya qayıdırdı. Qətərdə bütün hotellər dolu olduğu üçün möcüzəvi şəhərdə gecələməyimiz alınmırdı. Bəzi dostlar da yarızarafat, yarıgerçək deyirdi ki, görünür, biz qalmalı olduğumuz hoteli hələ tikib başa çatdıra bilməyiblər.

Təbii ki, Qətər hökuməti bu kimi stiuasiyaları nəzərə alıb ən azı qonaqlara çadır formatında nəsə maraqlı bir şey təklif edə bilərdilər. Hər halda rayondan bizə qonaq gələndə yerdə yatmağa öyrəşdiyimiz kimi, bunu bir gecə Qətərdə də gerçəkləşdirmək olardı. Axı bunlar 7 aya nəhəng stadion tikən ərəblərdir.

Qətərdən yazdığım reportajı yekunlaşdırarkən oturub hesablama aparıram. Belə nəticəyə gəlirəm ki, Dohaya səfər zamanı təyyarədə, avtobusda keçirdiyimiz vaxtı çıxandan sonra, cəmi beş saat ayağımız ərəb torpaqlarına dəyib. Təsadüfə bax, mən son vaxtlar gündəlik 24 saatımın cəmi beşini yuxuya  ayırıram. Görünür, bu səfər də ömrümün növbəti 24 saatının 5 saatlıq yuxusu imiş...

Emin Səfərov