“Park Bulvar” baş verən insidentlə bağlı məlumat yaydı - Yenilənib

park-bulvar-bas-veren-insidentle-bagli-melumat-yaydi
Oxunma sayı: 6288

“Park Bulvar” ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib. O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.

İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.

Şikayətlə bağlı araşdırmalar davam etdirilir.

***

"Park Bulvar" orada baş verən insidentlə bağlı məlumat yayıb:

“09.07.2022-ci il tarixində bəzi saytlarda və onların instagram səhifələrində Park Bulvar AVM haqqında həqiqətə uyğun olmayan xəbər yayılıb. “Park Bulvarda müdir işçini döydü” başlıqlı yazı iftiradan başqa bir şey deyil. İlk növbədə onu qeyd edək ki, Park Bulvarda yerləşən “Park Zəfəran” restoranının əməkdaşı K. B mütəmadi olaraq işə sərxoş vəziyyətdə gəlirmiş, bununla bağlı hər dəfə ona irad tutularaq evə göndərilirmiş. Restoranın müdiri H. Kazeminin sonuncu xəbərdarlığından sonra işə yenə içkili vəziyyətdə gələn əməkdaş K.B-yə işdən azad edildiyi bildirilir və əməkdaş buna etiraz edərək getməməkdə israr edir. Bundan sonra mühafizənin köməyi ilə oradan uzaqlaşdırlılır. Müdiri H. Kazemini hədələyən K.B polis bölməsinə gedərək onun haqqında böhtan xarakterli şikayət yazır. Xuliqanlıq zəminində onu döyərək xəsarət yetirdiyini bildirir. Və daha sonra bu məlumat hansısa bir yolla bəzi saytlarda dərc olunur. Bildirmək istəyirik ki, həmin şəxs sərxoş vəziyyətdən ayılandan sonra restoran müdirinə zəng edərək ondan üzr istəyib, şikayəti içkili halda yazdığını və ərizəsini geri götürdüyünü bildirib”.

Nizam Rza