Paşinyan Qasparyanı həbs etdirməyi planlaşdırır

pasinyan-qasparyani-hebs-etdirmeyi-planlasdirir
Oxunma sayı: 1604

Ermənistan hakimiyyəti Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı həbs etmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “armlur.am” portalı Ermənistan hökumətinə yaxın mənbələrə istinadən məlumat verib.

“Silahlı Qüvvələrin Baş Qərargahının hazırkı rəisi Onik Qasparyana qarşı cinayət işi başlanılması üçün artıq siyasi göstəriş verilib. Səlahiyyətli orqanlar onu həbs etmək niyyətindədirlər və cinayət işi buna yönəlib”,- deyə nəşr bildirib.

Baş Qərargahın mətbuat xidməti isə Qasparyanın Prezident Armen Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciətindən sonra 8 günlük müddət bitənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəyini bildirib.

Polis isə öz növbəsində, müxalifətin İrəvanda keçirəcəyi mitinqdə mümkün təxribatlar barədə xəbərdarlıq edib.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Daha sonra Paşinyan Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.