Paşinyanın növbəti təhlükəli oyunu

pasinyanin-novbeti-tehlukeli-oyunu
Oxunma sayı: 4477

Məlum olduğu kimi bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının növbəti üçtərəfli görüşü keçiriləcək. Bundan qabaq o da məlum idi ki, bu görüş hələ 9-10 noyabr tarixlərində onlayn videogörüş şəklində keçirilməli idi. Ancaq Ermənistan tərəfindən çoxsaylı bəhanələr gətirilərək bu görüş təxirə salındı.

Bununla Paşinyan üzərinə düşən öhdəlikləri bir il ərzində niyə yerinə yetirmədiyinin hesabatından yayınmağa çalışdı. Ardınca da Qərbə sadiqliyini nümayiş etdirmək görüntüsünü yaratmağ üçün Brüssel görüşünə tələsik razılıq verdi. Təbii ki, kapitulyasiya aktına imza atmasının ildönümündə onu və dövlətini məğlub edən dövlətin başçısı Prezident İlham Əliyevlə qarşı-qarşıya gəlməyin kompleksini də yaşayırdı. Ancaq yenə də Ermənistan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə populist açıqlamalarını verməklə bu oyununu pərdələməyə cəhd etdi. Bütün bunlara baxmayaraq Paşinyanın bu oyunu da baş tutmadı.

Hesabat verməli olduğu və münaqişədən sonra mövcud problemlərin həll olunmalı olduğu üçtərəfli platformadakı görüş onun bütün yayınma cəhdlərinə rəğmən 26 noyabra təyin edildi. Bu görüşdə Paşinyanın qaça bilməyəcəyi sərhəd və Zəngəzur dəhlizi ilə bağlı məsələlərin müzakirə olunacağı zəruridir. Əslində Paşinyan bu məsələlərin müzakirəsindən qaçsa da bunun hər bir halda baş tutacağını bildiyinə görə paralel olaraq Ermənistan cəmiyyətinə bunların hər bir halda reallaşacağı ilə bağlı subniminal mesajlar da verir. Sülh sazişinin əsas şərti olan Ermənistanın Azərbaycanın sərhədlərini hələ 1991-ci ildə tanıdığını deməklə də əslində Bəyanatla üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini sələflərinin üzərinə atmağa cəhd edir. Tədricən də olsa Ermənistan auditoriyasını bu proseslərə hazırlayan Nikol digər tərəfdən də eks Prezident Serjikə də cinayət işi açdırmaqla rəqiblərini zərərsizləşdirməyə çalışır. Onsuz da siyasi meyitlər olan cinayətkat Robertin, Serjikin və klanın digər üzvlərinin həm də fiziki məhvinə çalışan erməni Baş nazir ölkə daxilində də təhlükəli oyun oynayır. Təbii ki, bu oyun Ermənistanın daxili oyunudur və bizi maraqlandırmır. Çünki, əgər oyun olmasaydı və ədalətli münasibət sərgilənsə idi həmin şəxslər siyasi mübarizələrinə görə deyil, Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri tükürpədən cinayətlərinə görə ədalət mühakiməsinin qarşısında olacaqdılar.

Keçmiş münaqişə və regiondakı yeni reallıqla bağlı Paşinyanın oynadığı oyunlar isə çox uğursuz və gülüncdür. Münhen konfransında və Azərbaycan Prezidenti ilə digər debatlarda siyasi və diplomatiya bacarıqsızlığına görə “iki” alan Ermənistan rəhbəri real nəticələrin olacağı üçtərəfli görüşdən yayınmağa və sadəcə nəticəsiz şifahi müzakirələrin gedəcəyi Brüsselə tələsir. Bununla həm də, ölmüş Minsk qrupunun diriltmək üçün son cəhdlərini işə salıb. Ancaq unudur ki, Ermənistan Rusiyanın forpostu olaraq qalmaqdadır və Moskva ən az 10 noyabr tarixli Bəyanat da daxil olmaqla son bir ildə çəkdiyi əziyyəti onlara heç vaxt bağışlamayacaq.

Düşünürəm ki, bu gün Soçidə keçiriləcək görüşdə münaqişədən sonra qalmaqda olan bir sıra problemlərin real müzakirəsi aparılacaq və Paşinyandan hesabat tələb ediləcək. Rəsmi Bakı İrəvandan hələ də boşaldılmayan kəndlərimizi, sərhədləri müəyyən etməklə və Zəngəzur dəhlizi ilə bağlı qarşı tərəfin öhdəliklərinin icrasını tələb edəcək. Ən yaxşı halda real mina xəritələrinin müqabilində humanistlik edib əgər əlimizdə erməni terrorçuları varsa onların mübadiləsini edə bilərik. Ancaq Paşinyana publikaya işləmək üçün məlum Bəyanata özünün yaradıcılığına uyğun şərh verib Laçında dəhlizin olması, Zəngəzurda isə dəhlizin olmaması ilə bağlı sərsəm ritorikası ilə bağlı da xəbərdarlıq olunacaq. Yeri gəlmişkən regionda sülhün bərqərar olması üçün razılıq verdiyimiz Laçın dəhlizinin özü də və getdiyi Qarabağ da bütövlükdə tarixi Azərbaycan əraziləridir. Ancaq mütləq açılacaq Zəngəzur dəhlizinin yerləşəcəyi Qərbi Zəngəzur tarixi ərazilərimiz, onun bizi birləşdirəcəyi Naxçıvan isə müstəqil Azərbaycanın tərkib hissəsidir! Bu səbəbdən də bizim real dəhliz hüququmuz və imkanlarımız Ermənistandan dəfələrlə çoxdur!

Paşinyan isə tələsdiyi Brüsseldən ən yaxşı halda onu bir daha bütün dünya qarşısında biabır edəcək Prezident İlham Əliyevlə növbəti uğursuz debatı əldə edə biləcək.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov