“Payız şorgöz kişilər kimi soyundurur ağacları...”

payiz-sorgoz-kisiler-kimi-soyundurur-agaclari-
Oxunma sayı: 829



“Qafqazinfo” bu gün doğum gününü qeyd edən müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olan Elnur Astanbəylinin iki yeni şeirini oxuculara təqdim edir.


Uşaqlıq travması

uşaqlığımdan bəri
bir dəniz gəzisində öləcəyimi
xəyal etmişəm həmişə
bir gəmidə fırtınaya düşməyi

dalğaların qoynunda boğulmağı
odur ki illər sonra
dünyaya gələcək körpələrə
nə arzulaya bilərəm -
sadəcə və sadəcə
balıq kimi doğulmağı!...

mart, 2012

***

Payız kəndi

payız şorgöz kişilər kimi
soyundurur ağacları

südə dolmuş qadın döşləri kimi
göynəyir budaqların ucları
indi bir az da tez oğurlayır
dağlar günəşin saqqızını
qoynundakı qaranlığa çəkib aparır
göylərin gözəl, sarışın qızını
yəni dostum, əslində
bizim oyandığımız hər yeni gün
dağların və günəşin oğludur
atası dağlar, anası günəş
budur
gecədən yağan yağış
dincəlir xırda gölməçələrdə
birdən birə adamı
dəhşətli bir yalnızlıq qorxusu bürüyür –
sənə elə gəlir
bu dəfə köçüb gedəcək sərçələr də…

oktyabr, 2012