Polis “Facebook”da yayılan video ilə bağlı açıqlama yaydı

polis-facebookda-yayilan-video-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 6357

Bakı Şəhər Baş Polis İdarəsi Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaları araşdırıb. 

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mersedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər. Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. 

Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. 

O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər.