Polis şöbəsində özünü asdı- - Tərtərdə iğtişaş+Yenilənib+Fotolar

polis-sobesinde-ozunu-asdi-
Oxunma sayı: 7008


“Qafqazinfo” xəbər verir ki, Tərtər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, hazırda dustaqın qohumları həmin polis şöbəsi qarşısında toplaşıblar. Onlar şöbəyə hücum edərək, şüşələrini sındırıblar. 

***

ANS TV-nin məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib. Əslən Ağdam rayonundan olan Səbuhi Dünyamalıyev ötən ayın 12-də Tərtər polisi tərəfindən saxlanılıb. Yaxınları bu gün Səbuhinin ölüm xəbərini alıb. Onun ölümündə polisi günahlandıran qohumları buna etiraz olaraq Tərtər Rayon Polis Şöbəsinin qarşısına toplaşıb.

“Xəbər gəldi ki, özünü asıb. Bunun nadzoru hara baxırdı. KPZ-nin rəisi hara baxırdı. Rayonun rəisi hara baxırdı”, – deyə mərhumun qohumu Əlövsət Dünyamalıyev şikayətlənir.

Mərhumun bacısı Süsən Dünyamalıyeva: "Döymüşdülər, qara ciyərini partlatmışdılar. Dərman aldıq verdik. Bura təcili yardım çağırıldı. Gəncəyə apardılar. Gəncədən qaytardıqları bir saat deyil öldü. Görüblər vəziyyəti ağırdı, yalandan özünü asıb dedilər”.

Tərtər Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, 33 yaşlı Səbuhi Dünyamalıyev narkotik vasitələrin qanunsuz satışına görə saxlanılıb. Bu gün istintaqın gedişiylə bağlı Gəncə şəhərindən Tərtər rayon polis şöbəsinə etap olunub. Axşam saatlarında isə PŞ-nin müvəqqəti saxlama kameralarından birində özünü mələfə ilə asaraq intihar edib. Hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinədədir.

Faktla bağlı araşdırmalara başlanılıb. Bərdənin Zümürxan kəndi məskunlaşıbmış. İki azyaşlı övladı var.

***

Virtualaz.org saytının əldə etdiyi məlumata görə isə Dünyamalıyev təcridxanada məruz qaldığı işgəncələrdən ölüb. Bu da onun qohumlarını və yaxınlarını qəzəbləndirib. Onlar polis şöbəsinə hücum ediblər. Polis şöbəsinin ətrafında təxminən 500 nəfərlik kütlə var.

Asayişi təmin etmək üçün Tərtərə qonşu Goranboy və Bərdə rayonlarından əlavə polis qüvvələri cəlb olunub. Rayonda gərginlik var.

Rayondakı müxbirimiz xəbər verir ki, yerli polis etirazçı kütlə ilə bacarmadığı üçün rayona xüsusi təyinatlılar yeridilir.

Əlavə məlumat veriləcək.

***

"Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir". Bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib. 

Rəisin sözlərinə görə, Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlunun saxlanıldığı kamerada özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.

Şöbə rəisi bildirib ki, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, bundan sonra onlar sakitləşiblər: “Dünyamalıyevin qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib”. 

R. Məcidov rayonda "iğtişaş baş verməsi" barədə bəzi saytlarda  yazılanların həqiqəti əks etdirmədiyini də qeyd edib. 

***

“Qafqazinfo”nun son məlumatına görə, polis bölmə qarşısındakı iğtişaşı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.