***
Uşaqkən heç nəyi qarın yağmasını arzuladığm qədər arzulamamışam. Həqiqətən. Niyəsini də bilmirəm. Bir tək o yadımdadır ki, hava proqnozu səslənən kimi “Əhmədli”dəki beton binamızın nimdaş eyvanında sakit-sakit oturub gözlərdim. Qar nə vaxt yağacaq deyə. Elə ki yağdı, onda da başlardım dənələri saymağa, sürət trayektoriyasını hesablamağa. Həm də:” Yer nə vaxta ağarar?”, “görən uşaqlar axşam qartopu oynamağa düşərmi, yox əgər düşsələr valideynlərim min cür bəhanə ilə mənim də düşməyimi əngəlləməzmi?”- kimi suallarla baş-başa qalaraq...
Eyvanımız mərkəzi yola baxdığından sıralı ”projektor”lar da aydınca görünərdi. Gecənin qaranlığında qarın necə yağdığı hiss olunmur axı, bax ona görə yalnız həmin “projektor”un işığı ilə müəyyən edərdim ki, bu gün məhəllədə şıdırığı qartopu gedəcək yoxsa yox. Hə...bir də gözlərimi yumub dilimin altında qeyri-adi bir yalvarışla Allaha səslənərdim ki, qarı çox, amma lap çox yağdırsın. O qədər çox ki, ətrafda qardan başqa heç nə olmasın. Niyə? – bax burasını da bilmirəm...
Bəzən həmin o qartopunu oynamaq üçün su keçirməyən, babat istiliyi olan ayaqqabım belə olmazdı. Və ya, oynadığım qartopu işgəncədən başqa bir şeyi xatırlatmazdı. Hər iki saatdan bir evə qaçıb yam-yaş corablarımı çıxararaq donmuş, hiss etmədiyim ayaqlarımı növbə ilə az qala sobanın üzərinə yapışdırardım ki, tezcə isinsin və yenidən həyətə dönə bilim. Bəzənsə öncədən ehtimal etdiyim kimi heç ümumiyyətlə çölə-bayıra buraxmazdılar məni. Min cür bəhanə ilə...
Amma yenə də xoşbəxt idim. Bir tək arzuladığım qarın yağması məni xoşbəxt eləməyə yetirdi..
P.S. Deyim ki, qar mənim yaddaşıma 2 faciə tablosunu da çizib: Çox sevimli qonşumuz Əhəd kişi 91-in qışında gözlərimin önündəcə qar təmizləyən maşının altında qalıb canını tapşırdı. Bir də əvəzolunmaz Firuz dayım...(şair Qabilin qaynı) buzun üzərində yıxılıb həyata vida etdi...
Fəqət, bu hadisələrin fonunda belə qarın günahsızlığını, qəbahətsizliyini axtardım. Ən azından axtarmağa çalışdım. Bax, o qədər sevirdim onu...
***
Dünən öz aləmimdə 7 yaşlı qızıma şad xəbər verirəm: “Tez bura gəl, qar yağır”. Uşaq yanıma üzündəki elə bir ifadə ilə gəldi, sanki “Burda sevinməli nə var?”- demək istəyirdi. Hətta duruxdum. Çün, özümüz elə olmamışıq axı. Və ya valideynlərimiz xəyallarında belə təsvir edə bilməzdilər ki, bizə qarın yağmasından daha gözəl xəbər verə bilərlər. Hətta xatırlayıram, atam gecənin 2-sində muştuluq verirmiş kimi məni hövlanək yuxudan oyadardı ki, dur qar başladı...
“Papa, üşüyürəm”- yəqin övladımın dilindən bu kəlmə çıxmasaydı hələ uzun – uzadı keçmişimlə mənasız paralellər aparacaqdım. “İsti bir çay iç düzələcək” – guya çıxış yolu tapıram. “Papa, qaz da gəlmir e, deyəsən...” – (gerçəkdən gəlmirmiş).
-“Yaxşı, onda əl-üzünü yu gəl görək neynirik”
-“İsti su da yoxdur axı, necə yuyum? – (vay bə, işıqlar da kəsilib, “Ariston” işləmir)
-“Sən denən görüm, məktəbə niyə getməmisən bu gun?” – (Varam da, klassik valideyn təfəkkürünün bu cür mövzudan yayınma metodlarına)
-“Məktəbə belə havada kimsə gəlmir. Uşaqların da çoxu xəstədir. Mən də gedib xəstələnim?”
P.S...Al, bu da sənə sual!. ”Milli Şura”mövzusu-filan deyil e, haqqında bir kamaz şey danışasan. Cavablandır görüm necə cavablandırırsan...
***
Eyvana çıxmışam. Siqaret çəkməyə. Eynən uşaqlıqda arzuladığım qar yağır. Narın-narın. Həm də bolluca. Amma küçədə-bayırda bir xoşbəxt adam gözə dəymir. Hamı sürüşür, hamı kefsizdir, hamı harasa tələsir...
Heç, mən də xoşbəxt deyiləm, açığı...
Son xəbərlər
Son Xəbərlər