Qarabağ və Şərqi Zəngəzurda qida obyektləri qeydiyyata alınır

qarabag-ve-serqi-zengezurda-qida-obyektleri-qeydiyyata-alinir
Oxunma sayı: 1456

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında fəaliyyət göstərən sahibkarların işinin asanlaşdırılması məqsədilə AQTA əməkdaşları tərəfindən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasına başlanıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sahibkarlar heç bir quruma getmədən və əlavə vaxt itkisinə yol vermədən qida obyektlərinin qeydiyyatına dair çıxarışlarla təmin olunurlar:

“Artıq noyabr ayının ötən günləri ərzində 32 müəssisə qeydiyyata cəlb edilib və sahibkarlıq subyektləri qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb.

Sahibkarlar Agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər. Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir.

Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün AQTA-nın www.afsa.gov.az saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər. Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və AQTA-nın regional bölmələrinə müraciət etmək imkanları var.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır”.