“Qarabağ zəfəri Qafqazda yeni reallıqların başlanğıcıdır”

“Qarabağ zəfəri Qafqazda yeni reallıqların başlanğıcıdır”
Oxunma sayı: 563

“Qarabağ müharibəsinin başladığı ilk andan etibarən qəlbimiz və zehnimiz tamamilə burada idi. Türkiyə olaraq bütün gücümüzlə Azərbaycan xalqının yanında yer aldıq və 30 ilə yaxın davam edən haqsız, beynəlxalq hüquqa zidd bir işğal Azərbaycanın qərarlı duruşu ilə, cəsarəti ilə, qəhrəmanlığı ilə sevinc, şərəf duyduğumuz zəfərlə nəticələndi”.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş İctimai TV-yə müsahibəsində deyib.

“Başda cənab İlham Əliyev olmaqla, burada qərarlı bir duruş sərgiləyən bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik. Şəhidlərimizin hər birini rəhmətlə anırıq.

Yenidən böyük bir dastan yazaraq, şəhidlərimizin o qorxusuz mübarizəsi nəticəsində bu müharibədə qələbə qazanıldı. Türk xalqı olaraq da başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, ilk andan etibarən bütün gücümüzlə hər platformada Azərbaycan xalqının yanında idik. İşğaldan azad edilən Qarabağla, bu zəfərlə qürur duyduq.

Azərbaycan xalqının sevincinə şərik olduq. Burada cənab Prezident Rəcəb Tayyib Ərdoğan Zəfər paradına gələndə onları bütün dünya görmüş oldu. Azərbaycanlı qardaşlarımız da Türk qardaşlarını burada ürəkdən salamladılar, hörmətlə qucaqladılar”, - o qeyd edib.

N.Kurtulmuş vurğulayıb ki, bu zəfər tarixi bir zəfərdir:

“Tarixi bir dönüş nöqtəsidir. Həm Türkiyə-Azərbaycan əlaqələri baxımından, həm də Qafqazda yeni reallıqların formalaşması baxımından, həqiqətən də, yeni bir dönəmin başlanğıcıdır.

Xeyirli-uğurlu olsun və Azərbaycan xalqını bu böyük müvəffəqiyyəti və zəfəri münasibətilə də təbrik edirik”.