Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə Qazaxıstanın “Diapazon” nəşri məlumat yayıb.
Şahidlər qəzetə bildiriblər ki, atışma bu gün saat 13:00 radələrində başlayıb. Əvvəlcə soyğunçular Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb, eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər. Atışma zamanı 2 nəfər xəsarət alıb. Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir.
Qəzet yazır ki, hazırda şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.
***
Bu gün Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərində atışma nəticəsində 6 nəfər ölüb.
APA-nın "Novosti-Kazaxstan" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Almas Sadubaev bildirib.
A. Sadubaev deyib ki, Qazaxıstan Daxili İşlər Nazirliyinə naməlum şəxslərin Aktoba şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45 (Bakı vaxtı ilə saat 14:45) radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etdikləri barədə məlumat daxil olub. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb. Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.
A. Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib. Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir.
Aktoba şəhərində antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.
***
Qazaxıstan müdafiə naziri İmaqali Tasmaqambetov bütün hərbi hissələrin gücləndirilmiş rejimə keçməsi üçün əmr verib.
“Qafqazinfo” Rusiya mətbutına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Janar Kolbaçayeva bildirib.
Onun sözlərinə görə, Aktobaya silahlı hücum terror aktı olub: “Buna görə də bunun Müdafiə Nazirliyi ilə birbaşa əlaqəsi yoxdur. Lakin hadisə yerində nazirliyin əməkdaşları işləyir”.
***
Aktobada keçirilən antiterror əməliyyatları zamanı silahlı şəxslərdən 4-ü öldürülüb, 7 nəfər isə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev bildirib.
Onun sözlərinə görə, digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.





Son xəbərlər
Son Xəbərlər