Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Yenilənib - Video

qebeleden-bakiya-helikopterle-texliye-olundu
Oxunma sayı: 10287

İyunun 15-i Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ötən gün Qəbələdən Bakıya helikopterlə təxliyə olunub.

“Qafqazinfo”nun məlumatına görə, açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulmuş 1999-cu il təvəllüdlü qadının vəziyyəti kritik-ağır olaraq qiymətləndirilib.

Həmin şəxs xarici vətəndaş olub. Daha ixtisaslı tibbi yardım üçün TƏBİB və Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım  və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.

Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin vəziyyətini nəzarətdə saxlayıb.

***

Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in Mətbuat xidmətləri hadisə ilə bağlı birgə məlumat yayıb.

Bildirilib ki, iyunun 15-i saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-qəza hadisəsi nəticəsində 5 (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.

Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.

1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi, sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.

Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım  və 1 yerli həkim briqadasının nəzarəti altında 16.06.2024-cü il tarixində saat 11:00 radələrində Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb.