“Qətər naziri Şuşaya gəlib kabab yemək istəyir”

qeter-naziri-susaya-gelib-kabab-yemek-isteyir
Oxunma sayı: 4573

Məlum olduğu kimi, fevralın 21-dən etibarən Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bununla əlaqədar olaraq Dohada bir sıra tədbirlər baş tutub.

“Qafqazinfo”nun əməkdaşı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qətərə gələn rəsmi qonaqlarla həmsöhbət olub.

Azərbaycanın Qətər Dövlətindəki səfiri Mahir Əliyev açıqlamasında bildirib ki, burada bizim həm mədəniyyətimiz, həm incəsənətimiz, həm tariximiz, həm də musiqimiz təmsil olunur: “Bizim mədəniyyət günlərimiz bu ölkəni sanki canlandırdı. Təqdimat yüksək səviyyədə oldu. Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani keçirilən tədbirlərə heyran qalmışdı. O bizim ölkədə bir neçə dəfə rəsmi səfərdə olub. Lakin mədəniyyətimizlə tanış ola bilməyib. İndi bu tədbirlərdən sonra bildirir ki, mütləq Şuşaya səfər edəcək və orada kabab yeyəcək. Nazir deyir ki, dünyanın cənnəti elə Şuşada yerləşir. Mən orada çayın kənarında, göy çəmənlikdə oturacam. Sizə də Maşallah, torpaqlarınızı işğaldan azad etdiniz. Mən arzu edərdim ki, mədəniyyət günləri ilə bizim mədəni əlaqələrimiz bitməsin. Mədəniyyət işçilərimiz, incəsənət xadimlərimiz arabir Qətərə gəlsin. Çünki bu ölkə artıq ərəb ölkələrinin mədəniyyət mərkəzinə çevrilməkdədir”.

Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bu tədbirlərlə artıq yeni bir tarixin yazıldığını vurğulayıb: “Mən həqiqətən böyük təəssürat aldım. Çox sevinirəm ki, məni də bu tədbirə dəvət ediblər. Ən sevindiricisi odur ki, biz artıq öz mədəniyyətimizi dünyaya göstərə bilirik. Bu, 21-ci əsrin yeni mərhələlərindən biridir ki, artıq dünyanın mərkəzi yerindən tərpənərək Şaərqə doğru gedir. Bu da onun əlamətlərindən biridir. Ölkəmizin uğurlu siyasətinin nəticəsidir. Burada yeni bir tarix yazılır”.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov isə açıqlamasında bildirib ki, keçirilən hər bir tədbir möhtəşəm şəkildə təşkil olunub: “Azərbaycan Mədəniyyəti Günləri çox möhtəşəm keçir. Keçirilən hər bir tədbir yüksək səviyyədə gələn qonaqlara təqdim olunur. Bunlardan biri də məhz fevralın 22-də Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi idi. Mədəniyyət günlərinin keçirilməsi kitabxana sahəsində də əlaqələrin dərinləşməsinə vəsilə olacaq”.

Tədbir iştirakçılarından olan Xalq artisti Fərhad Bədəlbəyli Qətərdə Azərbaycan Mədəniyyət Günlərinin olduqca önəmli olduğunu vurğulayıb: “Müharibə bitdi və biz qalib gəldik. Lakin ideoloji müharibə davam edir. İdeoloji müharibə bax budur. Burada da qalib gəlməliyik. Hər ölkədə, hər məkanda biz özümüzü ən yaxşı səviyyədə göstərməliyik. Bu konsert də çox möhtəşəm idi. Kitabxanada təşkil olunan tədbir də yüksək səviyyədə keçdi. Hər bir tədbir hərtərəfli olaraq yaxşı keçdi”.

Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərini fevralın 24-də başa çatır.

Lamiyə Məmmədova