“Qızım çöldə üşüyən ağacları geyindirir rəsm dəftərində…”

qizim-colde-usuyen-agaclari-geyindirir-resm-defterinde
Oxunma sayı: 910









Pəncərələrin önündə bitən ağacların öyküsü…

elə ki, evlərin üstünə sərir
gecə öz qaranlığını yorğan kimi
ağaclar xəlvətcə pəncərəyə əyilir
təzə eşqə düşmüş oğlan kimi
sonra da yarpaq barmaqları ilə
döyürlər astadan şüşəni
sonra sonra və sonra
pəncərədən gözəl gözlü
bir işıq süzülür çölə –
evdəkilərin qorxusundan sinə-sinə
yavaşca çəkib pərdəni
bayıra boylanan qız misalı
…ey adamlar, bilirdinizmi
pəncərələrinizdən süzülən işıqların
pəncərələriniz önündə bitən ağaclara
necə dəlicəsinə vurulduğunu

o ağacların da susuzluqdan çox
işıqsızlıqdan quruduğunu?!.

iyun, 2012

***

Rəsm dəftəri

qışdı
soyuqdu
səhərdən bəri
nə qaz, nə işıq -
heç biri yoxdu

indi
bumbuz otaqda
hərdən nəfəsi ilə
qızdıraraq barmaqlarını
qızım çöldə üşüyən
ağacları geyindirir
rəsm dəftərində…
dekabr, 2012

***

Qış

mən fəsillərdən qış…
mən aylardan dekabr
boyum bir qış gecəsi qədər uzun, sevgilim!
saçlarıma təzə-təzə düşən yanvar qarı
sevinclərim həmişə fevral -
hər zaman kədərlərimdən əskik gəlirlər…
mən fəsillərdən qış…
soyuğum özümü üşüdər yalnız!
şaxtalı havalarda
divar dibindəki bir pişikdən
yaşıl paltarını soyunmuş bir ağacdan
nimdaş, kirli paltarına sığınmış bir bomjdan
daha çox qışın özünün
üşüdüyünü də bundan bilirəm
mən fəsillərdən qış...
mənə sənsizlik –
günəşsizlik qarğamış…

fevral, 2008

***

Az doldur…

az doldur, gözəl gözlüm,
az doldur içəmmirəm
yerüzüm var, vətənim yox ölməyə
qanadım var, göyüzüm yox - uçammıram
artıq məni ovutmaz nə siqaret nə şərab
çölüm xarabazardı içim çölümdən xarab
az doldur, gözəl gözlüm,
axı nə vecinədi bu araq şüşəsinin -
içilmir ha!… içini boşaldır badələrə
mənsə indi lalam lal… dərdimi deyəmmirəm
ürəyimi boşalda, könlümü açammıram
bir araq şüşəsicən də gətirmədi mənimki…
dünyada hər nə qədər bəxtsizlik var – mənimdi.
az doldur, gözəl gözlüm…
dərdimi deyəmmirəm, deyəmmirəm nə vaxtdı
məni necə qorxudur göylərin səssizliyi
suyun axarsızlığı otun nəfəssizliyi
və bir də gözəl gözlü sevgilinin yoxluğu!
qarşımda payız kimi dayanıb dəli sevdam
mən də durna deyiləm… yığışıb köçəmmirəm
sənin soyuqluğundan başqa, isti bir yerə…
az doldur, gözəl gözlüm,
az doldur, içəmmirəm!

mart, 2007