“Qollarım qucaq deyilmiş sənsiz” – Həbsxana şeiri

qollarim-qucaq-deyilmis-sensiz-hebsxana-seiri
Oxunma sayı: 1305





Bu günlərdə İranda həbsdən azad edilən azərbaycanlı gənc şair Fərid Hüseyn həbsxanada olarkən yazdığı şeiri “Qafqazinfo”ya göndərib. Bu şeiri oxuculara təqdim edirik.

“Gündüz ağrıları”

Səbinə xanım üçün

Məni kimsəsizlik dağına zəncirləyiblər,
Ciyərimi həsrət qartalı didir,
Hər gecə ayrılıq odun atır sənsizliyimə
Hər gecə bir az da alovlanıram.

Qəhrəmanları sevməyən qadınlar qəhrəmandı,
Sağ ol, sən də məni sevdin,
Mən sənə şeir yazmıram,
sənsizliyimi kağıza köçürürəm burda,
Mənim qollarımdakı qandalın ağrısı köçüb

Sənə aldığım bilərziyə,
sənin də qolların ağrıyır orda,
Sən min yol Qızıl balıqdan ancaq məni istəmisən,
Nişan yaylığını nəzir demisən mənə,
Adının hər hərfinə qonub ürəyim,
Adını tufan sirkələsə uçmaram,
Sevgin silah dirəyib alnıma,
Həsrətin qorxudur, qaçmıram.

Quşlar dimdikləyər deyə havaya tullamıram öpüşlərimi,
Sənə ağlayanda göz yaşımı ovcuma silirəm,
Demə “niyə gəlmirsən?”
Hər gecə ayaqlarımı söyürəm,
Sənə gəlməyəndən bütün ağılarım ayaq ağrısına çevrilib,
Qanım göz yaşına,
Sevmədiyim mahnılara ağlamağı öyrənmişəm,
Qaranlığa oyanıb kor olmuşam bəzən
Qollarım qucaq deyilmiş sənsiz,
Sənsiz divar imiş ömrün sonu...