“Qoy polislər eşitməsin…” - Video

qoy-polisler-esitmesin-video
Oxunma sayı: 1079



Oğru olmaq istəyirəm

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!..

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm !!!


Qar kimi

Qar kimi ağ gəldim
Ləkəsiz gəldim
səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə “bəlkə”siz gəldim
Yığıldın güc kimi qollarıma sen…
Bitdi baxışların nəğməsi sozu
Sükut qollarında gəzdirdi bizi…
Soyuqdur qar kimi…
Nə deyim,
Duzu,-
Bəlkə, bu soyuqluq bezdirdi bizi…
İndi xatirənlə yanacağam mən,
Gülşən, gülü bürünəcəyəm
Qar kimi ovcuna yagacağam mən,
Qar kimi ovcunda əriyəcəyəm!...
Həsrətin qəlbimdə dinir tar kimi
Nəğmələr dənizdir,vüsalın qayıq.
Sən də, ay sevgilim,
Getdin qar kimi
Qayıtsan,qar kimi ləkəsiz qayıt



Bu da sonuncu gün...

Bu da sonuncu gün. Sonuncu vida
Bu da ayrılığın sonuncu tini
Quzum, hər görüşün son ucu vida
Görürdüm bu günü
Səninlə görüşün birinci günü ...
Yolun uğurlu olsun deyirəm sənə
Qarşında ömür gün sınağı durur
Ne deyim , bəlkə də yolunda yenə
Mənim tək bir sevda qonağı durur
Gedirsən
Bu günü saxla yadında
Yaddaşın mən verən dərsi pozmasın
Sən elə alış ki , sənin odunda
Ötəri qonaqlar qoy qızınmasın
Qarşımda ne çəpər, nə də ki barı
Mənim də ömrümə beləcə gəldin
Qəlbində bir çınqı od saxla barı
Bəlkə bir çırağı yandıra bildin
Əyil !
Məhəbbətin önünde əyil
Bəlkə, bu dünyadan qopara səni
Taleyin estafet ağacı deyil
Hərə bir mənzilə apara səni
Bir gün də sərbəstlik taxtı devrilib
Ömrünə gəlinlik illəri gələr
Dünənin bir namərd dosta çevrilib
Sabah kəndirini doğraya bilər
Bu da sonuncu gün, sonuncu vida
Bu da ayrılığın sonuncu tini
Quzum, hər görüşün son ucu vida
Görürdüm bu günü
Səninlə görüşün birinci günü ...


Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağatlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdli nağıllar,
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən.

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən...

“Sim-sim”i sözlə yox, zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him-cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram nəm.

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən.

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən.

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi,
Gözlədim göylərdən alma düşmədi,
Daha nağıllara inanmıram mən!..


Mənim bu şəhərdə kimim var axı...

Mənim bu şəhərdə kimim var axı;
Hər qapı döyməyə əlim gəlməyir.
Üzümü taleyə tutub gedirəm,
Tale də həmişə üzə gülməyir...

Ayağım altında tanış səkilər,
Önümdə açılan mənzərə bozdur.
Çoxdan köhnəlibdir əynimdəkilər,
Nə qədər çırpsam da
yenə də tozdur.

Gözdən oxuyuram bic tərifləri,
Məqsədli sağlıqdır hirsimi boğur,
Kiminsə başlayır həsəd ağrısı,
Mənimçün telefon hədəsi doğur...

Mənim bu şəhərdə kimim var axı;
Taleyin verdiyi paya – paxıllıq,
Boyu ki mən özüm qazanmamışam,
Allahın verdiyi boya – paxıllıq.

Mənim bu şəhərdə kimim var axı;
Köhnə məhəbbətin qız tanışları...
Hər səhər gördüyüm oyaq bir yuxu,
Salam tanışları,
üz tanışları...
Bir də ilhamımın tanış nəfəsi,
Onun da küsülü anları çoxdur,
Həftənin beşgünlük qazanc qəfəsi, -
Bəs edər...
Nəfsimin gözləri toxdur...

Mənim bu şəhərdə kimim var axı,
Bu ömrün sonuna gümanım azdır.
Səyyah ayaqlarım,
fəhlə əllərim,
Bir də ki dünyaya baxdığım gözdür;
Çiçəkləri görür,
tikanı görmür,
Üstünə fırlanan sükanı görmür,
Uşaq güldürməyə kökə axtarır,
Əlindən alınan tikəni görmür...
Yaxşılar yolunda çıraq kimidir,
Yamanlar tülkütək pusquda durub.
Sevinc də bir şüşə araq kimidir,
Onu da vərdişli əyyaşlar vurub...

Sizə güvənirəm, yaxşı adamlar,
Sizin adınıza gəlmişəm bura.
Qardaştək, oğultək qoruyun məni,
Bir insan ömrünü vurum axıra;
Mənim bu şəhərdə kimim var axı...


Ölümə tərəf

Gedirik deyə-gülə,
Gedirik ölümgilə.
Gedər-gəlməz yoldu bu,
Kim qayıda, kim gələ?!
Ölüm, qarşıla məni.

Piyada səbrimiz yox,
Maşın qəzası nə çox...
Həyat üzük içində, -
Hansı tərəfə qaçaq;
Ölüm, qarşıla məni.

Ömür – sinif dəftəri,
Saylıdır varaqları.
Əlimiz yetməz ona,
Təzədən yazaq barı;
Ölüm, qarşıla məni.

Hələ tezdir, igidim,
Nəyim var, nə üyüdüm.
İki körpəm gözləyir,
Möhlət ver qoy böyüdüm,
Gəlim, qarşıla məni...


Etiraf

Ömür-gün yoldaşıma

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq -
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...