Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 29-31-ci km aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından 13 oktyabr saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir.
Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən “çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.
Təmir işləri müddətində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən müvafiq şərait yaradılacaqdır.
***
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də (AAYDA) məlumat yayıb.
Qeyd olunub ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-31-ci km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 13-16 oktyabr tarixlərində sözügedən hissədə hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər