“Rauf Arifoğlu dedi ki, sən qal, mən istefa verim” – Redaktor

rauf-arifoglu-dedi-ki-sen-qal-men-istefa-verim-redaktor
Oxunma sayı: 1531






Məşhur köşə yazarı və “Musavat.com”un redaktoru Xalid Kazımlının “Qafqazinfo”ya müsahibəsi:

- Xalid bəy, adətən ədəbiyyata bağlı olan insanlar rejimli işlərdə çətinlik çəkirlər. Daha çox sərbəst qrafikə meyllidirlər. Bəs sizin üçün qrafikli işlər çətin deyil ki?
- Bu tip işlər də rejimi sevirlər. Yazıçı və ya jurnalist olmaq o demək deyil ki, gecə saat 2-də yatıb 11-də durmalıdır, ya da 11-də yatıb o başdan qalxmalıdır. Əslində rejim günü daha səmərəli istifadə etmək üçün daha münasibdir.

- Mən jurnalistləri deyil, daha çox ədəbiyyatçıları nəzərdə tuturdum.
- Məsələ burdadır ki, bizim ədəbiyyatçılığımız günün müxtəlif saatlarından sonra başlayır. Məsələn, işdən sonra, bazar günləri. Yerdə qalan günlərdə isə biz əsasən pul qazandığımız işlə məşğul oluruq. Əslində bunlar bir-birinə yaxındır. Köşə yazmaq da qəzetçilikdən çox, ədəbiyyata dəxli olan janrdır.

-Dediyiniz kimi köşə yazıları ədəbiyyata daha yaxındır. Bir köşə yazarı olaraq sizin üçün nüfuzlu, siyasi bir saytı -“Yeni-Müsavatı” idarə etmək çox çətindir, yoxsa bu iki missiya təzad təşkil edir?
- Məncə, təzad deyil. Hələ sovet vaxtında da yazıçıların demək olar ki, hamısının maaş aldığı bir iş var idi. Onlar ya Yazıçılar İttifaqında, ya ədəbi jurnallarda, ya da qəzetlərdə işləyirdilər. Universitetlərdə dərs deyirdilər. Qısası bu və ya digər şəkildə hardansa maaş alırdılar, ədəbiyyat isə onların sənətləri, bir növ hobbiləri idi. Hekayə, povest, roman yazıb dolanan peşəkar yazıçı nəinki Azərbaycanda, hətta SSR səviyyəsində də olmayıb. Olsa da, bu ancaq təqaüdə çıxandan sonra baş verə bilərdi.

- Bəs nə zamandan “Musavat.com”un redaktorusuz?
- Mən saytda 2009-cu ilin yanvarından redaktoram. “Yeni-Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlundan təklif gəldi və mən də qəbul etdim. Ona qədər mən qəzetdə ancaq köşə yazırdım. Köşə yazmağa təxminən bir saat vaxtım gedirdi. O vaxt gün ərzində bir neçə saat işləyirdim və qalan vaxtı boş olurdum.

- Deməli, boşluqdan redaktorluq təklifini qəbul etdiniz?
- Elə demək olar. Çünki işimi qurtarıb ya qəzetdə həmkarlarımla söhbət edirdim, ya da çayxanada dostlarla otururdum. Açığını deyim ki, darıxırdım. Çünki bundan qabaq bir neçə qəzetdə, hətta “Yeni-Müsavat”ın özündə də redakor işləmişdim. Gündə bir neçə saat işləyirsən, yerdə qalan saatları isə boş qalırsan. Ona görə də tərəddüd etmədən təklifi qəbul etdim. Elə o gündən vaxt baxımında gərgin şəkildə işləyirəm. Arada heç bir boşluq qalmayıb.

- Bir ara etiraz edərək saytdan istefa vermək istəyirdiniz? Nə baş verdi? Bu köşə yazısı üçün mövzu idi, yoxsa ciddi şəkildə istefa qərarı idi?
- Bu köşə yazısı deyildi və ciddi səbəbləri var idi.

- Bəs niyə istefa vermədiniz?
- Mən verdim, sadəcə qəbul olunmadı. Rauf Arifoğlu ilə 30 illik dostluq, tanışlığımız var. O, məsləhət görmədi. Hətta belə bir söz dedi ki, sən qal, mən istefa verim. Ortada ciddi səbəbər var idi. Bu jurnalistikaya təzyiqlərlə, umacaqlarla bağlı idi. Köşə yazısında mən bunun səbəblərini açmışdım. Həmin ərəfədə İctimai Palatanın aksiyalarından sonra hər dəfə 5-6 saat ərzində bir stəkan çay içmədən işləmək lazım gəlirdi. Hətta bu da aksiya keçirənləri qane etmirdi, onların hər biri istəyirdi ki, şəkilləri çox və böyük planda olsun, tutulanların adları bir-bir getsin və hara aparıldıqları, buraxılmaları barəsində ayrıca informasiya olsun. Ağır iş idi, buna tablaşmaq mümkün deyildi. Böyük əziyyətlə bütün xəbərləri qoyandan sonra məlum olurdu ki, bizdən narazıdırlar və bizi hakimiyyətə işləməkdə ittiham edirlər. Gecə saat 1-də, 2-də zənglər olurdu ki, filan xəbərdə filan söz düzəldilməlidir. Mənim etirazım bundan ibarət idi ki, bu cür davam edəcəksə, işləyə bilməyəcəyəm. Biz də insanıq, istirahətimiz var. Bəlli bir iş günlərimiz var. Saat 9-da başlayıb, 6-da bitirməliyik və ya 10-da başlayıb 7-də. Bu o demək deyil ki, gecə saat 12-də, 1-də yuxuma haram qatmalıyam ki, kiminsə şəkli qalıb onu sayta yerləşdirməliyəm. Bu istismarın üstündə istismar deməkdir. Üstəgəl “Eurovison” və İran xəbərləri. O zaman hər şey o qədər gərgin idi ki, mən bu rejimə tab gətirə bilməyəcəyimi gördüm və rəhbərliyə bu barədə məlumat verdim. Rauf Arifoğlu dedi ki, bu belə getməyəcək, bir müddət gözləyək. Mən fikrimdə qəti idim və iyunun 1-ə qədər razılaşdıq. Amma “Eurovision” qurtarandan sonra aksiyalar da dayandı, hətta 5-6 gün sərbəstlik oldu. İyunun 1-də yenidən bu məsələyə atüstü qayıtdıq və gördüyünüz kimi burdayam, işləyirəm.

- Xalid bəy, sizin dediyiniz o rejimli iş sayt üçün artıq yararlı deyil. Çünki sayt rəhbəri bilir ki, gecə saat 3-də də onu oyadıb hansısa xəbərə görə rahatlıqla narahat edə bilərlər.
- Burası belədir. Bir var ki, sən onu istəyərək edəsən. Tutaq ki, telekanalları, xəbər saytlarını izləyirsən və bir xəbər görürsən, tez onu sayta qoyub öz oxucularına çatdırırsan. Bir də var çox əhəmiyyətsiz bir xəbərin içində bir neçə dəfə, həm də vaxtsız-vədəsiz ya ixtisarlar aparırsan, ya da əlavələr edirsən.

- Əgər bu sizdən asılı olan bir şeydirsə, etməyə də bilərsiniz. Yoxsa sizə təzyiq edirlər?
- Bu mənim işimdir, əgər boynuma götümüşəmsə, etməliyəm. Ancaq bu təzyiqə çevrilirsə və bu rejimdə işləməyə tab gətirə bilmirsənsə, gərək işi təhvil verəsən.

- Ölkədə növbəti gərgin informasiya axını 2013-cü ilə təsadüf edən prezident seçkiləri zamanı olacaq? Yenə də postunuzu tərk etmək istəyəcəksiniz?
- Artıq qərar vermişik ki, o cür gərgin situasiyalarda mənə köməkçilər veriləcək. Həmin dönəmləri nəzərə alaraq yükün bir-iki nəfərin üstünə düşməməsi üçün bizdə artıq ştat vahidləri artırılıb, yardımçılar çoxalıb.

- Siz “Gün-Səhər”, “Reytinq”, “Gündəlik-Azərbaycan” kimi qəzetlərdə rəhbər vəzifələrində çalışmısınız. Artıq illərdir “Yeni-Müsavat”dasınız. Bura son dayanacaqdır?
- Mən əvvəl də demişəm “Yeni-Müsavat” mənim üçün ata ocağı kimidir. Çünki mən sadaladığınız o qəzetlərdə zaman-zaman işləmişəm. “Gün-səhər” qəzetində bir dəfə redaktorlar arasında ixtisarlar aparılırdı. Onda Arif Əliyev, Qabil Abbasoğlu bu barədə çox fikirləşirdi, necə desinlər, kimi ixtisar etsinlər. Mən dərhal dedim ki, biri mən. Gördüm ki, sanki Qabilin çiyinlərindən yük götürüldü (Gülür). Mən iş masamın arxasına qayıdıb yır-yığış edəndə heç yarım saat çəkmədi ki, “Yeni-Müsavat”dan zəng gəldi. Bizdəki ixtisardan və mənim işdən çıxmağımdan xəbər tutmuşdular. Ertəsi gün “Yeni-Müsavat”da işə başladım. Eyni hadisə “Gündəlik-Azərbaycan”da da təkrarlandı. Hansı qəzetdə işləsəm də, ya qəzet bağlanan gün, ya da mən özüm işdən çıxdığım gün “Yeni-Müsavat”dan dəvət zəngi gəlir və mən onu qəbul edirəm.

- Və siz də hər dəfə gedib gəlirsiniz?
- Əslində, bu gedişlərin müxtəlif səbəbi olur. Birində perspektiv açılır, gedirsən, birində nədənsə xoşun gəlmir, gedirsən, birində hesab edirsən ki, sənin bu cür işin qane eləmir və gedirsən. Amma bu sayaq müvəqqəti ayrılıqların heç birində dalaşmaq, qırğınlıq olmayıb. Olsa-olsa, yüngülvari inciklik və ya umu-küsü olur, o da qısa müddətdən sonra keçib-gedir. Bu səbəbdən qayıtmaq çətin olmayıb.

- Bəs ayrıldığınız mətbu orqanların kitabı həmin gündən sizin üçün bağlanır?
- Mən bu sözü tez-tez deyirəm və bir daha da demək istəyirəm. Azərbaycan jurnalistləri bir-birinin keçmiş və gələcək iş yoldaşlarıdır. Mənim o qədər həmkarlarım olub ki, bir sıra mətbuatda onlarla bərabər işləmişəm. Əminəm ki, bir gün gələcək, sizinlə burada bir yerdə işləyəcəyik. Biz bir mühitdəyik, bu gün qarşılaşmasaq da, sabah mütləq qarşılaşacağıq. Amma elə adamlar var ki, onlarla bir qəzetdə, saytda, televiziyada heç vaxt işləyə bilmərik. Onlar tamam başqa yolun adamlarıdır. Məmməd Arazın sözü olmasın, biz onlarla “yüz il qoşa atılsaq da, qoşa düşməyən zərlər kimiyik”.

- Elə mövqedən söz düşmüşkən, jurnalisti iqtidar və ya müxalifət qəzetində işlədiyinə görə ittiham etmək olar? Onun nə günahı var?
- Söhbət hamıdan getmir. Elə jurnalist var ki, ondan müəyyən böhtan, qərəzli yazılar tələb olunur və o buna etiraz etmir, həmin materialı hazırlayır. Etiraz eləmirsə, artıq günahkardır. Xatırlayırsınızsa, bəzi jurnalistlərlə bağlı kaset qalmaqalları oldu. Bu barədə yazanlar da, həmin kişi və ya qadını qurşaqdan aşağı vuranlar da jurnalist idi. Bunu həmin jurnalistlərdən tələb edənlər oldu və boyun əyib etdilər. Belə seçim qarşısında qalarkən ən düzgün yol kompüteri söndürüb getməkdir. Amma o adamlar bu işi sevə-sevə edirlər və bu səbəbdən ciddi məsuliyyət daşıyırlar. Günah bax budur.

- Xalid bəy, 47 yaşınız var. Azərbaycanda jurnalistika yaşlıları sevmir. Mediada müəyyən yaşdan sonra mütləq vəzifəyə keçməlisən. Bu yaş təhlükəsindən çəkinmirsiniz?
- Yox, qətiyyən çəkinmirəm. On il əvvəl dostlar söhbət edərkən deyirdilər ki, 10 il sonra bu qədər yaşımız olacaq, bizdən jurnalist olacaqmı? Mən onlara deyirdim ki, Türkiyədə köşə yazarlarının 60-dan aşağı yaşı yoxdur. Dünyanın ən məşhur araşdırmaçı yazarı Seymur Herşin 70-dən çox yaşı var və o bu yaşda yenə də araşdırır. Türkiyədə elə yazarlar var ki, onlar baş nazirlə, prezidentlə həmyaşıddırlar. Mən onların baş nazirlərlə söhbətini görmüşəm, elə bil, tay-tuşdurlar. Bizdə isə jurnalistlərin əksəriyyəti cavandır və bir müddətdən sonra hansısa quruma mətbuat xidmətində işləməyə gedirlər. Əslində Mehmed Ali Birand kimi müstəqil jurnalist olmaq kiminsə mətbuat xidmətinin rəhbəri olmaqdan daha gözəldir. Bu da Azərbaycanda ona görə mümkün deyil ki, müstəqil televiziyalar yoxdur və qəzetlərin də o qədər nüfuzu yoxdur. Həm də jurnalistlərlə məmurlar hərəsi hasarın bir üzündədir. Sizə bir şeyi xatırladım. Türkiyədə bir müddət əvvəl “Hürriyət” qəzetində işləyən Emin Çölaşan adlı köşə yazarını işdən çıxarmışdılar. Bir gün o, küçədə getdiyi zaman qəfildən prezidentin korteji onun yanında dayanmış, Türkiyə prezidenti Əhməd Nejdət Sezer maşınından düşüb onunla görüşmüş, hal-əhval tutmuş, işdən çıxarıldığı barəsində məlumatlı olduğunu bildirmişdi. Əslində istənilən ölkədə prezidentin küçədə gedən jurnalistdən ötrü maşından düşməsi fövqəladə bir şeydir. Azərbaycanda belə bir əhvalatın olması, ümumiyyətlə, nağıldır, mümkün deyil. Ancaq hansısa nazir, komitə sədri, icra başçısı, rəis jurnalisti hörmətlə qəbul etsə, pis olmaz.

- Siz öz mövqeyinizi iki imza ilə oxuculara təqdim edirsiniz. Səbəb nə idi?
- Bu mənə verilən əbədi suallardan biridir və mən də əbədi cavablarımdan növbətisini səsləndirirəm. Xalid Kazımlı ciddi imzadır, sırf siyasi, ictimai mövqedən yazılan esselərin müəllifidir. Samir Sarı isə felyeton janrının imzasıdır. Fikir vermisinizsə, bu ad altında mən heç vaxt ciddi yazı yazmamışam. Orada mütləq yumor, satira, sarkazm olub. Bunları bir-birinə qatmaq olmaz. Bir gün Xalid Kazımlı imzası ilə ciddi yaz, səhəri gün eyni imza ilə felyeton – düz gəlməzdi. Bu oxucuları çaşdırardı. Həm də bu gizli imza deyil, dəfələrlə Samir Sarı imzasının mənə məxsus olduğunu açıqlamışam.

- Düzü, mən bir oxucu kimi Samir Sarının yaşamadığını biləndə çox təəssüflənmişdim. Çünki mənim üçün Xalid Kazımlının yeri ayrı idi. Buna görə sizi ittiham edək?
- Yaşamır deyəndə ki, yaşayır (Gülür).

- Amma Xalid Kazımlının adı altında
- O, uzaq zamanlarda yaşamış və hansısa ölkənin bulvarında çəkilən bir oğlanın şəklidir.

- Birdən həmin sarışın oğlan gəlib hüquqlarını tələb etsə?
- Yox, gəlməz. O illustrasiya kimi götürülmüş şəkildir. Açığını deyim ki, onu bir müddət dəyişmək istədim, hətta bir neçə gün Samir Sarı imzası altında öz şəklim getdi. Sərbəst pozada çəkilmiş şəkil idi. İnanın ki, o qədər zəng vurdular, elektron poçtuma yazılar gəldi və burdakı redaktorlar da dedilər ki, köhnə şəkli bərpa et, adam yovuşa bilmir.

- Elə şəkil demişkən, “Yeni Müsavat”ın köşə yazarları ancaq arxiv şəkillərdən istifadə edir. Bu keçmişə bağlılıqdır?
- Yox, keçmişə bağlılıq deyil. Sadəcə oxucuların gözü bir şəklə öyrəşir və onu tez-tez dəyişmək bir az naqolay çıxır. Şəkilləri bir-iki ildən bir dəyişirik. Bu, “Facebook” səhifəsi deyil ki, hər gün şəkilləri dəyişək. Ümumiyyətlə, düşünürəm ki, köşə yazarlarının şəklinin getməsinə ehtiyac yoxdur. Yazının altında imzanı qoymaq kifayətdir. Bu Türkiyədən bizə gələn dəb idi və hazırda bir çoxları da şəkil qoymaqdan ötrü əldən gedir. Məndən olsa, yazımın altına ancaq imzamı qoyaram.

- Qayıdaq Samir Sarıya, hələ də çoxları bilmir ki, Samir Sarı məhz sizsiniz.
- Hələ indi yaxşıdır. Əvvəllər qızlar ancaq Samir Sarıya meyl edirdilər. Görünür ki, azərbaycanlı qızların təxəyyülündə ideal oğlan o şəkildəkidir (Gülür). Deyəsən, hansısa futbolçuya bənzəyir.

- Etiraf edirsinizmi Samir Sarı daha çox oxunur?
- Mənim üçün hansı imzanın daha çox sevilməsinin heç bir fərqi yoxdur, çünki ikisini də mən yazıram, bir beyinin məhsuludur. Amma Samir Sarının daha çox oxunmasının sirrini bilirəm. Çünki felyetonda pozitiv enerji daha çox olur və oxucular ümumiyyətlə deyib-gülməyə meyllidirlər. Biz kollektivdə, məclisdə dostlarla söhbət edəndə fəlsəfə traktatlardan, esselərdən danışmırıq ki, məzəli əhvalatlar, lətifələr danışırıq. Ona qalsa Əli Bəy Hüseynzadə möhtəşəm əsərlər yazıb, onu məhdud çərçivədə tanıyırlar, amma Mirzə Cəlili hamı tanıyır.

- Əli bəy intellektual təbəqə üçün yazırdı, Mirzə Cəlil də kütlə üçün.
- Əslində felyetonu ziyalılar təbəqəsi də sevə-sevə oxuyur. Təsəvvür edin, bizim o tip yazılarımıza, yəni Samir Sarı, Zamin Hacıya Bəxtiyar Vahabzadə, Sabir Azəri kimi ziyalılardan, universitet professorlarından vaxtaşırı zənglər gəlirdi. Yəni bu tip yazılar çox dəyərli ziyalılarımızın xoşuna gəlirdi və gəlir.

- Siz “X günü” kitabınızı da Samir Sarı imzası ilə yazmısınız. Bu reklamla bağlı idi?
- Kitaba Xalid Kazımlı imzası qoysaydım, camaat elə bilərdi ki, yazdığım köşələrin toplanmış variantıdır. Belədə isə onun ən azı satirik səpkidə olması bəri başdan bilindi.

- Maraqlıdır sizin doğulduğunuz kənddən bu gün çox məşhur olan imzalar çıxıb. Bu təsadüfdür? Bəlkə, bir portal, birlik yaradasanız...
- Biz onsuz da bir aradayıq. Mən, Zamin Hacı, Samir Kazımlı, Bahəddin Həziyev, Məğrur Əli Polad, Rahib Kazımlı, Araz Bayramov... Seyidəhmədli kəndi hələ yüz il bundan qabaq kifayət qədər ziyalıya malik olub. Azərbaycanda ilk rus dilli məktəblərdən biri də məhz Füzuli də açılıb.

-Xalid bəy, sizli, bizli bütün redaksiyalar bu gün gəncləşir və gəncləşdikcə də bir az etirazlar olur. Siz necə kollektivdəki gənc əməkdaşlardan razısınız?
- Biz gəncləri öyrətməliyik. Bu işimdən razıyam ki, həmişə onları öyrətməyə çalışıram. Allaha şükür ki, beş-altı “hoca” deyənim var. Bildiklərimi, təcrübələrimi onlarla bölüşürəm. Hamısına da eyni məsləhəti görürəm - mütaliə. Gənclərin başlıca işləri mütaliə olmalıdır. Jurnalistlər kitab oxumalı deyillər, kitabxana oxumalıdırlar. Biz əlimizə nə düşdü, oxuyurduq. Etiraf edim ki, keyfiyyətsiz əsərlər də oxumuşuq. İndiki ağlım olsaydı zəif, təbliğat xarakterli materialların birini də oxumazdım. Bu gün Azərbaycan dilinə maraqlı, məşhur əsərlərin çevrildiyi dönəmdə istənilən əsəri tapmaq mümkündür. Bu cür imkanlardan sonra gənc jurnalistlərin oxumamaları narahatlıq doğurur. Həmişə tövsiyə edirəm ki, əgər gələcəkdə yaxşı yazılar yazmaq istəyirlərsə, mütləq kitab oxusunlar.

Günel Əbilova