Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

rusiyada-dovlet-dumasina-seckiler-basa-catdi
Oxunma sayı: 350

Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə üç günlük səsvermə başa çatıb. Bütün seçki məntəqələri bağlanıb, lakin seçkilərin yekun nəticələri hələ açıqlanmayıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, sentyabrın 20-də Moskva vaxtı ilə saat 21:00-a seçici fəallığı 56,66 faiz təşkil edib.

Bu göstərici 1993, 2003, 2016 və 2021-ci illərdə keçirilən Dövlət Duması seçkilərində qeydə alınan fəallıqdan yüksəkdir.

Belə ki, 1993-cü ildə seçici fəallığı 54,81 faiz, 2003-cü ildə 55,75 faiz, 2016-cı ildə 47,88 faiz, 2021-ci ildə isə 51,72 faiz olub.

MSK-nın ilkin məlumatlarına əsasən, bülletenlərin 18,5 faizi hesablandıqdan sonra “Vahid Rusiya” 57,06 faiz səslə liderlik edir.

Rusiya Federasiyası Kommunist Partiyası 13,98 faizlə ikinci, Liberal Demokrat Partiyası 9,34 faizlə üçüncü yerdədir.

MSK sədri Ella Pamfilova bildirib ki, seçkilərin yekun nəticələri sentyabrın 25-dən əvvəl rəsmi şəkildə açıqlanmayacaq. Buna görə də hazırda açıqlanan göstəricilər yalnız ilkin nəticələr hesab olunur.

Doqquzuncu çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçirilib. Səsvermə həm seçki məntəqələrində, həm də məsafədən təşkil olunub. Onlayn səsvermədən 33 bölgədə istifadə edilib.