Rusiyada koronavirusun yeni metodla müalicəsinə başlanıldı

rusiyada-koronavirusun-yeni-metodla-mualicesine-baslanildi
Oxunma sayı: 3618

Sklifosovski Təcili Yardım İnstitutu və 52 nömrəli Moskva Şəhər Xəstəxanasında koronavirusdan sağalmış pasiyentlərdən alınmış qan plazması ilə koronavirus xəstələrinin müalicəsinin ilkin prosedurları başladılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib: “Biz digər ölkələrdəki həmkarlarımızın təcrübələrini daim izləyirik. Çin, Almaniya və ABŞ-da analoji tədqiqatlar uğurla aparılır. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə daha effektiv mübarizə aparmağa kömək edəcək”. 

Bildirilib ki, sağalmış xəstələrin qanında virusa qarşı antikorlar mövcuddur. Texnologiya koronavirus infeksiyası ilə mübarizədə istifadəsi üçün klinik komitə tərəfindən təsdiqlənib. İlkin etapda koronavirusdan sağalmış 11 pasiyentdən alınmış qan plazması 7 xəstəyə köçürülüb.

Anastiya Rakova bildirib ki, bir pasiyentə kifayət miqdarda qan plazmasının köçürülməsi üçün 3 donor gərəkir.

“Həkimlərin fikrincə, burda ən başlıca məqam, potensial donorların anlayışı və məsuliyyətidir. Müətəxəssislər nə qədər çox qan plazması əldə edə bilsələr, bir o qədər çox insan xilas ola bilər”. 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 10,131-ə çatıb, 76 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.