Şabrandakı yanğında 13 ev yandı - Fotolar

Şabrandakı yanğında 13 ev yandı
Oxunma sayı: 3060

“Şabranda bir neçə gündür davam edən güclü meşə yanğınları nəticəsində rayonun Dağbilici kəndində 3 ev yanıb. Bir ev tamamilə yanaraq sıradan çıxıb, digər iki ev qismən yanıb. Həmçinin Zöhramı kəndində 10 evin yardımçı hissələri yanğından zərər görüb”.

Bu barədə “Qafqazinfo”ya Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu, yanğının vurduğu zərərlə bağlı ilkin məlumatdır: “Hazırda meşə yanğınlarının Şabran rayonuna vurduğu zərərin araşdırılması ilə bağlı komissiya işləyir”.

İ. Ağayev, həmçinin bildirib ki, artıq rayonun digər kəndlərində yanğınlar bir qədər səngiyib. Yuxarı kəndlərdə 13 yanğınsöndürmə texnikası həmin ərazilərdə keşik çəkir. Hər hansı xoşagəlməz hadisə olarsa, qarşısını almağa hazırdırlar.

Qeyd edək ki, Şabranda dağlıq ərazidə biçilmiş əkin sahəsində başlayan yanğın sonradan yaxınlıqdakı kəndlərə də çatıb. Sosial şəbəkələrdə kəndlərdə ev və təsərrüfatlara ciddi zərər dəydiyini əks etdirən görüntülər yayılıb. AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Elxan Yusifli də feysbuk hesabında həmin kəndlərdə hazırkı dəhşətli vəziyyəti göstərən fotoşəkillər paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Gülnar Əliyeva