“Sağalmaz yara” – “Daş Yuxular”a cavab

sagalmaz-yara-das-yuxulara-cavab
Oxunma sayı: 1263

“Sağalmaz yara” adlı bu povesti 2006-cı ildə yazmağa başladım. Əkrəm Əylislinin “Daş yuxular”ı qələmə aldığı tarixdə. Əhvalat keçən əsrin əvvəllərində erməni cəlladlarının xalqımızın başına gətirdiyi faciələrdən bəhs edir. O vaxt da qaçqın düşdü millətimiz doğma yurd-yuvalarından... Sonra isə məcburən bizə unutdurdular çox şeyləri. Millətin başına açılan sağalmaz yaraları. Unutduq olub-keçənləri...


SAĞALMAZ YARA (bir parça)


-Noldu, ay arvad? Harda qaldın?
Ərinin zəhmli səsi onu xoş xəyallardan ayırdı. Tez sandığın qapağını örtüb ağzını qıfılladı. Qürulu, bəzəkli-düzəkli evinə, cəmxodan yerinə yığılmış, az qala tavana dirənən qalın-qalın yorğan-döşəyinə baxıb köksünü ötürdü. “İllərlə yığıb saxladığımı, min bir əziyyətlə qurduğum ev-eşiyimi öz əlimlə erməniyə qoyub gedim?”-yana-yana düşündü Alma arvad. “Üstəlik gəlin də ağır ayaqlı. Bu gün-sabah doğacaq... Bə belə vəziyyətdə nətər çıxaceyik yola? Allah, sən götürmə bu haqsızlığı! ”
Eyvana çıxdı. Kişinin çiynində beşaçılanı görüb bir az toxdadı. Fikirli-fikirli daş pillələri endi. Gözü toyuq-cücələrə sataşdı.
-Dayan a kişi, qurbanın olum. Qoy onlara dən verim.
-Arvad, vaxt yoxdur. Deerəm ki, bu qansız dığalar lap yaxındadılar. Bir-bir kəndlərə girib bütün əhalini öldürürlər, başın kəsirlər. Bildin? Bunlarda rəhm deyilən şey yoxdu, arvad!
-Bə heyvancığazlar aj qalsınnar, a kişi?
Alma arvad yanlarını basa-basa pəyəyə sarı yüyürdü. Balaca qapını açıb içəri keçdi. Cərgə ilə boy-boya düzülmüş iri, sarı çuvallardan birinin ağzını açdı, əllərini qoşalayıb dənlə doldurdu. Bayıra çıxdı.
-Düd.. düd...düd...
Bir an içində toyuq-cücə ətarafını bürüdü. Sanki hiss edirdilər ki, sahibləri bir azdan bu həyət-bacada yiyəsiz qoyub gedəcəklər onları. Bir ağızdan səs-səsə verərək qaqqıldaşır, arvadın enli, qat-qat tumanının ətrafında qanadlarını şappıldadıb fır-fır fırlanırdılar.
Birdən Əhməd kişinin yadına düşdü ki, inəklər bu gün naxıra getməyib, tövlədədir. Cəld yüyürüb tövlənin qapısını açdı. Qarnında balası olan ana inək iki dəfə dalbadal bərkdən mərildədi: məə!
“Yazıq heyvannar! Getməyimizi hiss edillər...”
Əhməd kişinin gözü axura bağlanmış yalı saçaq-saçaq sallanan kəhrəba rəngli atına sataşdı. Atın duruşu, qaməti çox gözəldi. Yaxına gəlib onu bağrına basdı. “Sarıtel, bağışla məni... neçə illərdi mənə yoldaşlıq etmisən, hər təhlükədən, düşmən caynağından qorumusan məni. Amma indi səni qoyub gedirəm. Məcburam buna Sarıtelim! Gözəl gözlü Sarıtelim! Düşməni diz çökdürən Sarıtelim!”
Başını atın boynuna qoydu, üzünü üzünə söykədi. Gözlərini yumub onu xeyli qoxuladı, yalını sığalladı.
-Bə nooldu a kişi, bayaqdan tələsindin?
Bayırdan qışqıran Alma arvad məəttəl qaldı ki, bayaqdan bəri onu tələsdirən kişiyə nə oldu görəsən.
Əhməd kişi atı bir də bağrına basdı.
“Əlvida Sarıtelim! Gözəl gözlü Sarıtelim!”
Bu vaxt atın gözlərindən bir damla yaş onun üzünü islatdı. Əhməd kişi dəhşətə gəldi. At da ayrılığa dözməyib ağlayırdı.
Bu mənzərəni görməməkçün tez bayıra çıxdı. Alma arvad ərinin göz yaşlarını görüb anladı ki, Sarıteldən ayrılmaq çətindi ona. Birinci dəfəydi kişini ağlayan görürdü. Dağ boyda kişinin necə əridiyini hiss etdi Alma arvad. Mane olmaq istəmədi. “Qoy doyunca baxsın həyətə! Vidalaşsın”
Əhməd kişinin yadına düşdü ki, it də zəncirindədir. Həyətin o başına gedib zəncirlə bağlanmış itin başını açdı. İt uzaqlaşmaq əvəzinə onun əl-ayağına sürtünməyə başladı. Elə bil hiss etmişdi ki, sahibi onu günün günorta çağı açırsa, burda nə isə bir iş var. İt Əhmədin əl-ayağıana düşərək başını ayaqlarının üstünə qoydu, dilini bayıra çıxarıb yalvarıcı baxışlarla ona baxmağa başladı. Əhmədin ürəyi qana döndü.
-Ay Allahın heyvanı, mən neyniyim? Məjburam səni qoyub gedəm...
Əyilib köpəyin başını sığalladı. Sahibinə çox sədaqətliydi bu köpək. Atlını atdan salardı. “Lənətə gələsiz sizi, qansız dığalar! Bizi doğmaca yurd-yuvamızdan didərgin saldığuz yerdə..
Balaca Fəxrəddin gözlərini geniş açaraq babasının hərəkətlərinə baxırdı. Hər şey birər-birər onun beyninə, uşaq yaddaşına həkk olurdu.
...Doqqazın ağzına çatanda hər ikisi çevrilib həsrətlə həyət-bacaya baxdılar. Düz qırx ildi ki, Alma arvad bu həyətə gəlin gəlmişdi. Burda övlad dünyaya gətirmişdilər, nəvə-nəticə sahibi olmuşdular. Vaxtilə hamı Alma arvada həsəd aparırdı. Yeriyəndə dik-dik dingildəyirdi. Yer tərpənirdi yerişindən. İndi isə büzüşmüş halda bu doğma ocağı tərk edirdilər.
Hər ikisi bir-birindən xəbərsiz ürəyində düşünürdü: ”Görəsən, bir də buraya qayıtmaq bizə qismət olacaq?”
Gözləri doldu Alma arvadın. Ürəyinə dammışdı ki, bir daha qayıda bilməyəcəklər doğma yurda.
Balaca Fəxi heç nə anlamasa da, babasının “Allahsız”, “qansız” adlandırdığı dığalar ona nənəsinin danışdığı nağıllardakı qara divləri xatırladırdı.
Doqqazın qapısını açıb yola çıxdılar. Alma arvad və gəlini Gülbuta gözlərinə inanmadılar: kənd əhli iki-bir, üç-bir yollara tökülmüşdü. Hamı həyəcanla qaçır, kənddən tez çıxmağa çalışırdı.
Fəxrəddin baxdı ki, qonşuluqda yaşayan dostu Qismətgil də əllərində bağlama gedirlər. Qismətin atası Səmid dayı qoca anasının əlindən tutub onu irəliyə dartırdı.
-Gəl, ana, qurbanını olum. Tez gəl. Qoymaram səni ermənilərin əlinə düşəsən.
Qoca arvad yeriyə bilmir, tövşüyürdü. Səmid məcbur olub aşağıya çökdü.
-Min ay ana dalıma!
–Ay bala, başua dönüm...-Qarı zarıdı. Sənə də yük oluram...
-Nə yük, ay ana, nə danışırsan? Sənnən heş bezərəmmi? Uşax vaxtı məni o qədər dalına səriyib gəzdirmisən ki...
Bunu deyib anasını dalına aldı. Bir az da tez yeriməyə başladı. Gəlib Fəxrəddingili keçdilər.
-Ana, ora bax, ora bax! Balaca Fəxi baş barmağıyla onları göstərdi. Səmid dayı Şabikə nənəni dalına alıb.
-Sus, ay bala!-Gülbuta oğluna acıqlandı. Bə neyləsin, qoca arvaddı, xəstədi, yeriyə bilmir. Dalına alıb ki, tez getsinnən, ermənilər gəlib tuta bilməsinnər. Həm də ki nolar dalına alanda, anasıdır da...
-Sən də qocalanda mən səni dalıma alacam!-deyə Fəxrəddin yavaşca anasına dedi. Gülbutanı gülmək tutdu. Pıqqıldadı. Qayanatası görməsin deyə əlini ağzına tutdu.
Əhməd kişi geri çevrildi. Gələn camaatı görüb dözmədi.
-Milləti salıblar dağa-daşa. A kişi, belə də iş olar?-dedi.
-Kökləri kəsilsin görüm bu cəlladdarın! Ölkə yiyəsizdimi əşşi?-Alma arvad yanıb töküldü. Bunnarın qabağını alan yoxdumu bə?
-Kim alacaq ay arvad? Deyirlər Lenin ordu göndərub Bakıya. Azərbaycanı almaq üçün.
-Bə bu dığaların niyə ayaqları yer alıb? Neynəmişik olara?
-Torpağımızı istiyirlər... Elə dığalara yer verən də urusdardı, arvad.
-Niyə, nağayrmışıq urusdara?
-Onnara da belə sərf eliyir yəqin.
-Burda deyiblər e yersiz gəldi, yerli qaç. Pay atonnan, a kişi, görürsən? Dünənə qədər süfrəmizin artıq-urtuğuynan böyüyüb bu dığalar.
-Hə, arvad, düz deyirsən! Yersizlər bizi yerimizdən didərgin salırlar. Bu vəhşilər Bakıdan qıra-qıra gəlirlər e milləti... Başlarında duran da Şaumyandır.
-Nə? O da ermənidi? Allah başdarına daş salsın görüm...
Balaca Fəxi bilmədi ki, nənəsi Leninə qarğış eləyir, yoxsa dığalara. Ürəyində düşmənə qarşı böyük bir kin oyanırdı.
Əhməd kişi qabaqda Fəxrəddinin əlindən tutaraq yeriyirdi. Arxada isə Alma ilə Gülbuta gəlirdilər. Bu-gün sabah doğacaq gəlin üçün yerimək çox çətindi. Başqa əlacları yoxuydu. Buranı tez tərk etməli idilər. Artıq hava qaralmışdı.
-Bir az əlli yeriyin. Bax, o dağı aşa bilsək, hər şey yaxşı olacaq.
Hamısı irəlidə görünən, uzaqdan sıra ilə bardaş qurub oturan adamları xatırladan dağlara sarı baxdılar. Hələ xeyli yol vardı...
Asta-asta, səs salmadan yeriyirdilər. Qəflətən Gülbutanın sancısı tutdu. “Vaxtıma hələ bir neçə gün var. Bu nə sancıdır belə?”
Canını dişinə sıxıb səsini çıxarmadı. “Allahım, mənə kömək ol”-deyə ürəyində dua etdi.
Birdən havaya atəş açıldı. Hardasa lap yaxından ermənicə danışıq səsləri eşitdilər. Hamısı yerindəcə donub qaldı. Həyəcandan Gülbutanın rəhgi ağappaq ağardı.
“Deməli, biz çıxan kimi ermənilər kəndə soxulublar”-düşündü Əhməd kişi.
-Üzünü arxaya çevirib yavaşca:
-Səs salmadan yeriyin!-deyə pıçıldadı.
Gecə isə çox sakit idi. Adi xışıltı belə eşidilir, gecəni səssizliyini pozurdu.
Bu zaman yaxınlıqda olan bir daşnakın səsini aydınca eşitdilər.
-Ara, burnuma musurman qoxusu gəlir...
Sonra da bərkdən gülüşmə səsləri gəldi.
-Sss... deyə Əməd kişi əlini dodaqlarına apardı. Nəfəslərini uddular.
Əhməd kişi ermənilərdən qətiyyən qorxmurdu. Kənddə qalıb son nəfəsinə qədər onlarla vuruşa bilərdi. Ancaq boylu gəlini sarıdan nigaran idi. “Allah eləməsin, bu quldurlar gəlib bizi haqlasalar, bu gəlinin halı necə olacaq?”
Ağlına bir fikir gəldi. Bu fikirdən özü də diksindi. Amma qərarını verdi: əgər daşnaklar gəlib onlara çatsalar tüfəngindəki güllələrlə özünü və ailə üzvlərini öldürəcəkdi! Başqa çarə yoxdu. Təki arvadı və cavan gəlini düşmən əlinə keçməsin!
“Namusu itə atıblar, it yeməyib. Qoymaram düşmən əlinə keçsinlər...”
Tərslikdən yenə də Gülbutanın sancısı tutdu. Qovrulsa da, səsini çıxarmırdı. Ağrını bildirməmək üçün əllərini ağzına tutb dişləyirdi. Sancı isə ara vermir, getdikcə güclənirdi. Dəhşətli ağrı get-gedə bütün vücudunu sardı. Gülbuta hiss etdi ki, uşaq güc gəlir, sanki bu dəqiqə doğulacaq. Ayaqlarını bir-birinə sıxıb dodaqlarını dişlədi.
“Dayan, ay bala, nə olar, bir az gözlə... hələ gəlmə!”-deyə pıçıldadı yavaşca.
Doqquz aydı körpənin gəlişini həsrətlə gözləmirdimi?
Sancı isə get-gedə şiddətlənirdi. Gəlin ağrıdan qovrulurdu. Bətnindəki körpə dünyanın işlərindən xəbərsiz dünyaya gəlməyə tələsirdi. Birdən ikiqat olub yerə çökdü.
-Ay ana! Öldüm! -deyə yavaşca zarıdı.
Əhməd kişi də, Alma arvad da yerlərində donub qaldılar.

(ardı var)

SÜDABƏ SƏRVİ