Salyanda məktəbdə 17 nəfər tüstüdən zəhərləndi - Yenilənib

salyanda-mektebde-17-nefer-tustuden-zeherlendi
Oxunma sayı: 788

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 10 şagird və 2 əməkdaşın məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan-Salyan Regional Təhsil İdarəsindən saytımıza verilən məlumata görə, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub: “Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib.

Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır”.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasından saytımıza verilən məlumata əsasən, xəstəxananın Təcili tibbi yardım şöbəsinə bu gün saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın, 4 nəfər kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub: “Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”.