Saray tamaşaçıların xahişini nəzəzrə aldı

saray-tamasacilarin-xahisini-nezezre-aldi-
Oxunma sayı: 643

Dekabrın 29 və 30-da Heydər Əliyev Sarayında uşaqlar üçün keçiriləcək “Yeni il” şənliklərinə bütün biletlər satılıb. Çoxsaylı telefon zənglərini və tamaşaçı xahişlərini nəzərə alaraq Saray rəhbərliyi “Yeni il” şənliyini bir gün də artıq keçirmək qərarına gəlib.
Sarayın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 28-i üçün də artıq biletlər satışa buraxılıb.

Qeyd edək ki, şənlikdə respublikanın ən tanınmış rəqs kollektivləri və estrada ulduzları iştirak edəcəklər. “Renessans” rəqs teatrı, “Asiman” rəqs qrupu, uşaq muğam və aşıq ifaçıları öz yeni rəqsləri, musiqiləri ilə uşaqları sevindirəcəklər. Proqramın musiqili qonaqları xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayevadır. “Yeni il” şənliyində Şaxta baba və Qar qız da uşaqları təbrik edənlər sırasında olacaq.

Sarayın səhnəsində böyük şam ağacı quraşdırılacaq. Proqram maraqlı məqamlarla yadda qalacaq. Bundan əlavə, “Yeni il” şənliyinin iştirakçılarını maraqlı sürprizlər də gözləyir.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək “Yeni il” şənliyi saat 13.00-da başlayacaq. Biletlərin qiyməti 5 manatdan 10 manata qədərdir.

Nigar Məmmədli