Sarkisyanın Baden-Badenə səfərləri ilə bağlı cinayət işi başlanıldı

sarkisyanin-baden-badene-seferleri-ile-bagli-cinayet-isi-baslanildi
Oxunma sayı: 1532

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş Prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi başladıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Məlumatlı Vətəndaşlar Birliyi”nin koordinatoru Daniel İoannisyanın sözlərinə görə, prezident təyyarəsi işlə bağlı ehtiyac olmadığı halda bir neçə uçuşlar həyata keçirib. 

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, materialların hazırlanması zamanı təyyarənin Baden-Baden şəhərinə səyahət etmək üçün Almaniyanın Karlsruhe hava limanına bir çox uçuşlar həyata keçirdiyi barədə informasiya əldə olunub. Bildirilir ki, bir çox halda reyslər lazımi proseduru pozmaqla həyata keçirilib. Belə ki, uçuşlar barədə Prezident Administrasiyasından əvvəlcədən yazılı müraciət daxil olmayıb.

Qeyd olunur ki, Serj Sarkisyanın Baden-Badenə səfərləri ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, avqustun 25-i parlamentdə çıxış edən “Vətəndaş razılaşması” partiyasından olan millət vəkili Xaçatur Sukiasyan keçmiş rəhbərlik dövründə rüşvətxorluq hallarının olduğunu vurğulayıb. O, çıxışı zamanı Serj Sarkisyanı da xatırladaraq qeyd edib ki, ölkənin keçmiş Prezidenti Baden-Badenin kazinolarında 100 milyon dollar xərcləyib. Bunun ardınca, Sarkisyan Sukiasyanı və parlament aparatını məhkəməyə verib, təkzib və mənəvi təzminat tələb edib.

Bununla belə, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən əvvəl Sarkisyan Baden-Badenə getdiyini etiraf edib. Lakin o qeyd edib ki, sözügedən şəhərə yalnız istirahət və mədəni məqsədlər üçün səfər edib, kazinolar olan küçələrdən kənar gəzib.