Səfər Mehdiyev türkiyəli həmkarı ilə görüşdü - Foto

Səfər Mehdiyev türkiyəli həmkarı ilə görüşdü
Oxunma sayı: 903

Oktyabrın 7-də İzmir şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Türkiyə ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay arasında görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüş Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə işğüzar səfəri çərçivəsində baş tutub.

Rıza Tuna Turaqay Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Rıza Tuna Turaqay iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin perspektivlərindən bəhs edib.

Rıza Tuna Turaqay Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Səfər Mehdiyev Türkiyə ilə Azərbaycan arasında tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasətin bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirib.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə dəstəyə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığını bildirən Səfər Mehdiyev bu gün Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığınin ən yüksək zirvədə olduğunu vurğulayıb. Komitə sədri bu əməkdaşlığın sadəcə iki ölkənin xalqlarının deyil, eyni zamanda, region ölkələrinin rifahının yüksəldilməsində, sülhün bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlər, o cümlədən gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.