Səfər Mehdiyevin iştirakı ilə biznes-forum keçirilib

Səfər Mehdiyevin iştirakı ilə biznes-forum keçirilib
Oxunma sayı: 927

Dekabrın 6-da Bakı şəhərində “Caspian European Club”un təşkilatçılığı və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevın iştırakı ilə biznes-forum keçirilib.

"Qafqazinfo" xəbər verir ki, forumda Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, Baş İdarə rəisləri, “Caspian European Club”un Baş İcraçı Direktoru Telman Əliyev və təşkilatın üzvləri iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük orqanlarının bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində gömrük orqanları qarşısında ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, xidmət səviyyəsinin yüksəldilərək vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunması kimi vacib hədəflər müəyyənləşdirilib.

İslahatların uğurla reallaşdırılmasında gömrük-biznes münasibətlərinin mühüm rol oynadığını qeyd edən Səfər Mehdiyev bu məqsədlə gömrük orqanlarının mütəmadi olaraq sahibkarlarla görüşlər keçirdiyini, bu görüşlərdə səsləndirilən təklif və iradların gömrük işinin səmərəli şəkildə təşkilində mühüm rol oynadığını vurğulayıb.

Dövlət başçısının həyata keçirdiyi islahatlar çərçivəsində gömrük sistemində reallaşdırılan layihələrdən bəhs edən Komitə sədri bu ilin fevralından tətbiqinə başlanan “Yaşıl dəhliz” buraxılış sisteminin şəffaflığın təmin olunması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsindəki rolundan da danışıb.

Qeyd edilib ki, 2019-cu ilin ötən dövrü ərzində ticarət dövriyyəsinin 6,4 milyard dolları bu sistemdən istifadə hüququ əldə edənlərin payına düşür və ilin sonuna qədər bu rəqəmin 7 milyarda çatacağı gözlənilir.

2019-cu il ərzində sərhəd-keçid məntəqələrində quraşdırılan yeni texniki nəzarət vasitələri, informasiya texnologiyalarının geniş surətdə tətbiqi ilə reallaşdırılan innovativ layihələr hesabına sərhədkeçmə proseslərinə sərf olunan vaxt 3 dəfəyə qədər azaldılıb.

Sonda sahibkarların sualları ətraflı cavablandırılıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi