Eyni peşənin sahibləri olan tanınmış vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova “Qafqazinfo”ya müsahibə verib. Cütlük Azərbaycanda vəkillik, istintaq və məhkəmə ilə bağlı fikirlərini bildirib. Onlar həmçinin, həyat yoldaşı olaraq məişət həyatlarına hüququn necə təsir etməsindən də danışıblar.
Həmin müsahibəni təqdim edirik:
- Bu gün vəkillərin və vəkilliyin durumunu necə qiymətləndirirsiniz?
Elçin Sadıqov: Azərbaycanda vəkillik peşəsi əvvəlkinə baxanda indi daha populyardır. Hazırda vəkillərin prossesual vəziyyəti qənaətbəxş deyil. Azərbaycanda vəkillərin cərimələnməsinə rast gəlirik. Amma mən hesab edirəm ki, bu, düzgün deyil. Vəkillər həmişə çalışırlar ki, bu adı yüksəltsinlər. Cəmiyyətimizdə neqativ vəkillik fəaliyyəti də var. Xüsusilə də dövlət hesabına təyin olunmalarda bu özünü göstərir. Onlar istintaq orqanının sənədləri qanuniləşdirilməsinə don geyindirmək üçün kömək edirlər. Bu da insanların hüquqlarını pozur, əsassız məhkumluqlar yaradır. Eyni zamanda vəkillik peşəsi haqqında insanlarda neqativ fikirlər formalaşdırır. Ümumilikdə götürəndə bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da vəkillik hörmət olunası peşədir.
Zibeydə Sadıqova: Vəkilliyin nüfuzu yox, özü peşə olaraq populyarlaşıb. Amma neqativ tərəfləri də var, əlbəttə. Məsələn, vəkil cərimələnir. Bu yaxınlarda ədliyyə sistemi vəkillərin təcridxanalara girərkən test edilməsini tələb etməyə başlayıb. Hansı ki koronavirusun geniş yayıldığı, ölümlərin çoxaldığı vaxtda heç bizdən test tələb olunmurdu. Ən ürəkağrıdan məsələ formal vəkilliyin olmasıdır ki, bu, hələ də aradan qalxmayıb. Çox təəssüf ki, bu test məsələsi sadəcə vəkillərdən tələb olunur.
Elçin Sadıqov: Qanunvericiliyin özündə də bununla bağlı ciddi problemlər var. Yalnız istintaq bitdikdən sonra materiallarla tanış olmaq olar. Ona qədər də müstəntiqin hansı hərəkətlər etməsindən müdafiə tərəfi demək olar ki, tamamilə məlumatsız olur. Məhkəmə prossesinin özündə də prokurora üstünlük verilir. Vəkilin vəsatətləri təmin olunmur, vəkilin fikiri nəzərə alınmır.
- Vəkillər Kollegiyası vəkilləri qoruya bilirmi?
Elçin Sadıqov: Vəkillər Kollegiyası vəkilləri qoruya bilmir. Hətta kollegiya rəhbəri də konfransda etiraf etdi ki, intizam icraatlarında ciddi problemlər var. Verilən cəza vəkilin törətdiyi pozuntuya uyğun deyil. Vəkillər Kollegiyası hər şikayətə görə intizam icraatı başlatmamalıdır. İlkin olaraq şikayətin əsaslı olub-olmadığı araşdırılmalıdır. Amma burada elə deyil, kollegiya şikayətdə nəyin göstərilməsindən asılı olmayaraq, intizam icraatı başladır. İndi artıq yavaş-yavaş şikayətlər araşdırılır, sonra qərar verilir. Kollegiya şikayətlər əsasında vəkilləri kütləvi cəzalandırdığına görə ora göndərilən şikayətlərin sayı da artıb. 2017-ci ildən bu günə qədər xüsusilə məhkəmələrin, prokurorların və müstəntiqlərin şikayəti daha çox olub. Təəssüf ki, onların şikayətlərinin içərisində təmin olunanları çoxdur.
Zibeydə Sadıqova: Kollegiya daha çox ittiham mövqeyi tutur. Məndən də bir neçə şikayət olmuşdu və xahiş etdim ki, siz həmin şikayətləri oxuyub məlumatlı olun, əsaslı olub-olmadığını yoxlayın. Daha sonra lazımdırsa, vəkillər gəlib izahat versinlər. Çünki vəkilin hər dəqiqəsi qızıldır.

- Azərbaycanda cütlük kimi müəllimlər, həkimlər, digər peşə sahibləri var. Amma vəkillər azdır, onların da içində ən çox siz tanınırsınız. Necə tanış olmusunuz?
Zibeydə Sadıqova: Biz məhkəmədə tanış olmuşuq. 2007-ci il idi, mən məhkəmələri monitorinq edirdim. Elçin də orada jurnalistlərin vəkili idi.
Elçin Sadıqov: 2007-ci ilin iyul ayı idi. Mən imtahanı təzəcə vermişdim. Noyabrda da andiçmə oldu və vəkil statusu qazandım. 2008-ci ildə də evləndik.
- Azərbaycanda qadınlar üzərində bir məişət yükü də var. İctimai işlərlə yanaşı, ev işlərini necə çatdırırsınız?
Zibeydə Sadıqova: Həm işi, həm də evi idarə etmək məsələsində mənim bəxtim gətirib. Bizə kömək edən var. Mənim yaxın qohumlarım bizə bu işdə kömək edirlər. Buna görə də evdə olan işlərin yükünün çoxu məndə deyil. Əslində Elçin çox məharətli insandır. Dadlı balıq bişirə bilir.
Biz daim evdə hüquqlardan danışdığımıza görə hər 3 övladımızda da artıq bu mövzuda nələrsə hiss edirik. Məsələn, qızım o gün bir rəsm çəkərək yazıb ki, "Qadına şiddətə yox deyək!". Ona baxıb fikirləşirəm ki, artıq növbəti qadın aktivist gəlir. Oğlum İlyas isə tez-tez hüquqlarının pozulmasından şikayətlənir. Qızların otağı onun otağından bir balaca böyük olduğu üçün etiraz edir.
- İctimai işlərə çıxırsız, diqqət mərkəzində olan, müzakirə olan proseslərdə vəkil olursunuz. Bu zaman hansı təzyiqlərlə qarşılaşırsınız?
Elçin Sadıqov: Polisin təzyiqi ilə rastlaşmışam. Bir dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarını məhkəmədə dindirdik və sonra o işdə bəraət aldıq. Təqsirləndirilən şəxs də bildirirdi ki, onu döyüblər. Bu işdən sonra avtomobilimə yaxınlaşanda gördüm ki, yağını açıb axıdıblar. Yaxşı ki, mən diqqət etdim, yolda qəza baş verə bilərdi.
Zibeydə Sadıqova: Mən xüsusi bir təzyiq görməmişəm. Amma Elçinin işinə görə, ona zərər verməkdən ötrü məndən də istifadə ediblər. Mənim fotoşəkillərimi yayıb, nalayiq sözlər işlədiblər.
Elçin Sadıqov: Yazmışdılar ki, Zibeydə erməniyə ərə gedib. Məni erməni kimi qələmə veriblər.
Zibeydə Sadıqova: Həmin vaxt belə bir hadisə də olmuşdu ki, biz evdən çıxdıq, sonra yolda yadımıza düşdü ki, nəsə yaddan çıxıb evdə qalıb, geri qayıtmalı olduq. Təxminən 4-5 dəqiqə vaxt içində qayıtdıq və gördük ki, iki nəfər telefon xəttimizə nəsə edir. Tez mən soruşdum ki, siz kimsiz və burada nə edirsiz? Onlar da dedilər telefon xəttinizdə problem olduğu üçün siz özünüz çağırmısız. Amma bizdə telefon xətti olsa da, evdə telefondan istifadə etmirdik. Sonra da dedilər ki, biz özümüz çox məsuliyyətliyik və hər dəfə gəlib telefon xətlərini yoxlayırıq. Mən onların ad və soyadını soruşanda nərdivanı da götürüb getdilər. Şəkillərimin paylaşılması mənə çox pis təsir etmişdi. Çox stress keçirmişdim. Son illər isə hüquqlarını müdafiə etdiyim qadınların keçmiş həyat yoldaşları zəng edib hədə-qorxu gəlirlər. Bundan başqa bir şey yoxdur.

- Cütlük kimi vəkil olmağınızı avantaj hesab edirsiniz, yoxsa əksinə?
Zibeydə Sadıqova: Həyat yoldaşının vəkil olması bir-birini başa düşmək baxımından çox yaxşıdır. Mənim üçün avantajdır. Bir yerdə müzakirələr edirik. Məsələn, dostlarımız müxtəlif peşənin sahibləridir, ər-arvad olaraq fərqli sahələrdə çalışırlar. Mənə maraqlıdır ki, onlar evdə nə danışırlar. Çünki biz evdə daha çox işdən danışırıq. Öz işlərimizi müzakirə edirik. Buna görə də mənim üçün avantajdır. Pis tərəfi odur ki, uşaqlara çox vaxt ayıra bilmirik. Çünki çox zaman həftəsonu da çalışırıq.
Elçin Sadıqov: Uşaqların müəllimlərinin çoxunu tanımırıq. Bəzən olur ki, bir-birimiz üçün vəsatət yazırıq. Elə məsələ olur ki, onu Zibeydə xanım daha yaxşı bilir və mənə o barədə köməklik göstərir.
- Bu gün məhkəmə sistemində sizin tərəfinizdən ədalətli, düzgün hakim kimi qəbul edilənlər varmı?
Elçin Sadıqov: Ədalətli hakim kimi tanınan Namiq Cəfərovdur. Bu hakimdə işim də olub. Hətta elə vəziyyət idi ki, mən iki nəfər haqda bəraət belə almışdım. Namiq Cəfərov həm də yenilik yaratmağa meyilli bir hakimdir. O, vəkillərin arqumentlərini dinləyir və görür ki, bu yenilik olmalıdır. Hələ ki, yeganə hakimdir. Amma cinayət işlərində Bakı Apellyasiya Məhkəməsində demək olar ki, vəziyyət çox acınacaqlıdır. Apellyasiya şikayətinin dəlillərini dinləmirlər, qiymət vermirlər. Cinayət işlərinə baxan yeganə instansiya Ali Məhkəmədir. Mənim bəraətlərimin əksəriyyəti Ali Məhkəmədən qayıtdıqdan sonra alınmış bəraətlərdir. Eyni sözləri Ağır Cinayətlər Məhkəməsində də demişəm başa düşməyiblər, apellyasiyada da demişəm başa düşməyiblər, amma Ali Məhkəmədə başa düşüblər.
Zibeydə Sadıqova: Namiq müəllim hamının ədalətli hakim kimi tanıdığı ən məşhur şəxsdir. Mənim də Namiq müəllimdə bir neçə işim olub və doğrudan da çox möhtəşəm qərarlar çıxarıb. Yəni açıq pozuntuları 10 səhifə, 7 səhifə ilə qərar verən hakimlərin işini bircə səhifə ilə əsaslandırıb və qərar verib. Biz də o qərara baxıb, demişik ki, hə, bax, hakim işi burada görünür. Vəsatətlərimi təmin edən hakimlərə çox minnətdaram, amma başa düşürəm ki, digər işlərə münasibətdə başqa qərar verirlərsə, tam ədalətli deyillər.
Elçin Sadıqov: Bu, daha çox məhkəmələrin müstəqilliyindən asılı olan bir şeydir. Məhkəmə prokurorluqdan çəkinir. İttihamın mövqeyini qorumağa çalışır ki, prokurorluqla hər hansısa bir problemi olmasın. Birinci instansiya və apellyasiya məhkəməsi prokurorluq nə deyir, onunla da oturur-durur. Ali Məhkəmə cinayət işlərində ona görə müstəqildir ki, onun qərarından yuxarıya şikayət vermək nəzərdə tutulmayıb. Onlar ona görə qismən ədalətlidir.
Məsələn, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci - polisin qanuni əmrinə tabe olmamaq maddəsi. Hələ mən görməmişəm ki, bu maddə ilə bəraətverici əsaslarla işə xitam verilsin. Azərbaycanda belə bir praktika yoxdur. Polis əgər protokol tətbiq edibsə, bəlkə cəza yüngülləşdirilə bilər. Polis yüz faiz düz ola bilməz axı. Heç bir ölkədə bu mümkün deyil.

- Bu gün, yaxud nə zamansa hakim olub ədalətli qərar çıxara biləcəyinizi düşünürsünüzmü?
Elçin Sadıqov: Belə bir qeyri-müstəqil məhkəmə sistemində mən heç vaxt hakim olmağı düşünməmişəm. Hakim heç vaxt daxili inamını itirilməməlidir. Daxili inam insanı yaşadır. Günahsız insanı məhkum edən şəxs necə o vicdanla yaşayır, mənə sadəcə olaraq aydın deyil. Mən siyasi işlərdə bunu çox görmüşəm. Hətta qeyri-siyasi işlərdə də çox görmüşəm. Bir dəfə Ali Məhkəmədə hətta hakim kürsüdən dedi ki, mən bilirəm ki, burada hədə-qorxu ilə tələbetmə yoxdur, amma mən o maddəyə bəraetvirici əsasla xitam versəm, gərək cəzanı azaldam, cəzanı da azalda bilmirəm. Ona görə də qüvvədə saxlayıram. Özü də bunu qismən ədaləti deyilən İlqar Qılıcov deyəndə təəccübləndim. Ali Məhkəmnin hakimi necə belə bir söz deyir?! Məncə, məhkəmə sisteminə Elçin Sadıqov da getsə, xüsusilə Cinayət Kollegiyasında tam ədalətli qərar vermək mümkün deyil.
Zibeydə Sadıqova: Mən heç vaxt hakim olmaq fikrinə düşməmişəm. Xüsusilə bu işlərə çıxanda hakimlərin necə əsassız, qanunsuz qərar verdiyini görəndən sonra ümumiyyətlə bunu istəmirəm. Bəzən kimsə məni tərifləyəndə və arzulayanda deyir ki, o gün olsun hakim olasan. Mən onda deyirəm ki, mən özümə heç vaxt bunu arzulamıram.
Murad Əhməd
Foto-Video: Pərvin Zeynal