“Sənə Tanrı deyərdim, Tanrı bağışlasaydı...” - Şəhid atası

sene-tanri-deyerdim-tanri-bagislasaydi
Oxunma sayı: 5987

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib. 

“Qafqazinfo” News24.az-a istinadən xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladının ruhuna şeir səsləndirib: “Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub. O Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Daşaltıda yaralansa da, nə qədər etsələr də geri qayıtmadı. Bu qələbə ilə Şuşanın girişində şəhid oldu...

Salam, oğlum,

Salam, oğlum!

Vətənə arxa duran qəhrəman,

Daşaltıda düşmənə qan udduran Qəhrəman!

Sən bu xalqın əbədi xatirində qalmısan,

Şuşanın göylərindən cənnətə yol salmısan,

Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!

Bu yalançı dünyada mütləq həqiqət şəhid.

Elə bil ki, Babəksən yağı döyüşlərində,

Qarabağ savaşında, Şuşa döyüşlərində.

Canla zarafat olmaz, cəsarətin bəllidir,

Yadigar balaların anana təsəllidir.

Təsəllidir atana təbəssümlü şəkillər,

Səni xatırlayacaq gələcəkdə nəsillər.

Sən şəhidsən, şəhidlik əbədilik deməkdir!

Vətənə sarılmaq da bir məhəbbət deməkdir!

Mən də şəhid olardım, o məndən başlasaydı,

Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasaydı

Sağ ol oğlum, salamat qal,

Salam deyərsən şəhid qəhrəmanlara

Qayalara dırmanıb Şuşanı alanlara...”

Şeir deyəndən sonra Əli Nur göz yaşlarını saxlaya bilməyib.