“Sərçə uçuşu kimi titrəkdi dodaqların...” - Şəhriyar Del Gerani

serce-ucusu-kimi-titrekdi-dodaqlarin-sehriyar-del-gerani-
Oxunma sayı: 915





Bir ayrılıq unutmağdı bizimki,
Yolda-irizdə itiririk bir-birimizi.
küçədə yaddan çıxır,
Bakıya uduzuruq sevgimizi.

Sənnən öncə
yoxluğun olubdu məndə,
Yaxşı saxlamışam yoxluğunu,
Gedirsən,
götür apar özünü də.

Məndə heç nəyin qalmasın,
əllərini də apar!
evimdəki sınıq güzgünün yaddaşındakı,
param-parça üzünü də apar
gedirsənsə...

məni ölümlə qorxutma,
bircə ölümlük yaşayırıq hamımız.
Bir qadınlıq sevgisi olur kişilərin,
Bir xəyanətə sığır hirsimiz...

Hamı öz kölgəsiylə birgə ölür,
Pis olan ölmək deyil,
Kölgəsiz olmaqdı bəlkə də...

sən,
əl çatacaq qədər uzaqsan,
toxunacaq qədər yoxsan.
səndən çıxıb getmək daha asandı,
sən qadın deyilsən,
qadın olacaq qədər çətinsən.
sənə yazdığım məktubların
hamısını silib göndərirəm,
gülüşlərin qatar səsi qədər kədərlidi,
sərçə uçuşu kimi titrəkdi dodaqların,
bunları sənə yazmadım...
sən başqa cürsən əslində!

Bir də, elə
Bu, sən özünsən...
Bir qutu siqaret yetir
Səni unutmağa...

Getdin,
Bir şeirlik yer ayırdın demək,
Mən boyda ayrılığa...

Tələsmə...