““Sevgi nədir?” Sual edirlər. Çılçıraqdan asılan sırqamın tayı”

sevgi-nedir-sual-edirler-cilciraqdan-asilan-sirqamin-tayi-
Oxunma sayı: 978







Gənc yazar Aybeniz Alızadə yeni yazdığı şeirləri “Qafqazinfo”ya göndərib. Bu şeirləri oxuculara təqdim edirik.


Bütün mənasız şeirlərin adı “Xoşbəxtlik”dir.
Bir şeir yaz şair...
İçində mənalı heç nə olmasın,
Xoşbəxtlik kimi...
Həyata dair.


***

“Sənsiz isinmirəm”


Saat beşə qalır... Fevral ayıdır.
Bakı ağlayır...
Hər gün bir az ölürəm,
Küləyində, yağışında, soyoğunda.
Ruhumu öldürür, yalnızlıq.
Nə sən varsan, nə də məndə mən qalmayıb,
Yolunu azıb...
Hər gün dostlarım sevgililərindən danışır.
Bu azmış kimi,
Çisələyən yağış da, sazaq kimi kəsən şaxta da
Yoxluğundan alışır.
Bir mən isinmirəm…
“sevgi nədir?” sual edirlər.
Çılçıraqdan asılan sırqamın tayı,
Pianonun akkordları,
“Jazz, radio
Bir də iki min ondan bu yana
olan günlərin sayı…”
Deyirəm gülürlər...
Elə sən də gülürsən.
Bütün şəkillərdə,
Bircə gözlərin Bakıya baxır…
Qəribədir deyilmi?
Bütün körpələr çirklənməkçün doğulur,
Hər ayrılıqda bir sevgi boğulur.
Ardından
Qürur, nifrət, hər şeyə rəğmən
Bir də həsrət doğulur.
Səndən sonra xeyli xoşbəxtəm
Uğurlar, sənin getdiyin yollar,
İndi mən gəzirəm sənin izində...
Gəl demirəm, toqquşarıq…
Şeiri oxu, unutduğun mahnıları dinlə...


***

“Bakıya”

Çıxıb gedəsən bu şəhərdən,
Bir də gəlməyəsən...
Həsrətlə gəbərəsən,
Çökəsən yalqızlıqdan.
Asıq ülü insanların varlısı,
Dönüb ayaqqabının markasına baxan “dostundan”,
İnsanlığın markası nədir görəsən deyə soruşursan…
Ay yazıq, axı sən hardan biləsən ki,
İnsanlığın markasını, araq şüşəsini
dizlərinin arasında qucaqlayıb,
Skamyalarda yatanlar bilir.
Niyə qalasan bu şəhərdə?
Sənə vətən olan kimin var?
Sən bu vətənin kimisən?
Ya dustağı, ya yaltağı,
Ya fahişəsi, ya qorxağı...
Ümumiləşdirsək alçağı..?!


***


“Məni sən məcbur etdin bu artistliyə”

Hər şey üstümə gəlir,
Yaz gəlir yayla gedir payıza dönüb qışı gətirir,
Bir səni gətirmir mənə Tanrı…
Yorğanı başına çəkib
İçin-için ağlamaq,
Sevmədiyinlə gülüb sevdiyini danlamaq,
Ürəyində,
“Məni sən məcbur etdin bu artistliyə” deyə.
Ən gözəl hiss olan sevgi...
Ya göz yaşı, ya siqarət, ya da bir araq şüşəsi
Bütün şeirlərdəki kimi.
Hər yazdıqca bir az daha qopuram səndən
Sənsə özünlə fəxr edib əmin olursan
sevgimin bütövlüyündə.
Yüngülləşməyin bəxş etdiyi məhsum bir gülümsəmə qopur könlümdən.
Yəni sandığın kimi bu şeir sevgidən deyil,
Əslində ruhumu müalicə edirəm mən.

***

“Nərgizə”

Dostum,
Məni heç kim anlamadı...
Heç intihar edənləri də.
Hamı ardınca ağladı,
Qınadı,
Bağrı yandı.
O da zamanında, anlaşılmadı.
İntihar etdi.
Yaşama yox,
Sevgisizliyə.
Ayrılıqlara,
Dözümlülüyə.
O intiharda da bir ümüd vardı...
"Bəlkə məni görərlər" deyə..


***

“Günahı doğmaq”

Yaranışdan tərs mütənasibik.
Ana bətnindən başımız üstə doğulmadıqmı biz?
Sonra da körpələrin günahsızlığından danışırıq...
Var edilmə amacımız,
günahı doğmağımızdır.
İlk əzabı ən doğmamız,
anamıza yaşatdıq.
Uşaqlar bizim gələcəyimiz yox,
Keçmişimiz,xoşbəxtlik günahımız, savabımızdır.
Xoşbəxtlik dediyin nədir ki?
Ailə, iş, övlad, nəvə,
Bol-bol uğur, uğurun doğduğu təkəbbür.
Demək xoşbəxtlik böyük nəfs gətirirmiş.
Ona görəmi, hələ bir ömür xoşbəxtlik
Yaşayan bəndə endirmədi Əziz və Müqəddəsimiz?
Hətta ən sevimlisi Məhəmmədi də
Sınaqlarda yaşatdı...
Allahın Nuru Yağır...
Döyəcləyir dəmir çardağımızı,
İşıqları sönmüş pəncərəmizi də.
Bayram cocuqlarının atdıqları partladanlar ritmində.
Amma bir az daha səssiz, eyhamla, ürkütmədən..
Bir də külək enən damlaların səmtin dəyişir .
Qarışqa cərgəsi önünə daş qoyub,
Yuvasına gedən yolu döndərib uzadan uşaqlara bənzəyir...
işiqların sönməsindən qorxuyla
Bir səmtə zillənmiş donub baxışlarım...
Ürküdücüdür hər şey...
Bütün dərdlərimə qonaq gedirəm.
Şairlər ancaq dərddən, sevgidən, ayrılıqdan yazır ,
Dərdlərinə işıq tuturlar,
Dərd qonaqlığı verib,
Bir pay da sizi qonaq çağırır.
Yəqin işiqları tez-tez sönür işıqlı insanların...
Mən eqoistəm, bəlkə elə şairə deyiləm..?
Romantik olub şam yandırmıram,
Dərdimin işiğına çağırmıram kimsəni...
Neft qoxusuyla uzaq tuturam, yaşaran gözləri.
Əllbətdə dərdim ucuz deyil ki,
Hər kəsə ehsan edəm...
Heç kim bugünki xoşbəxtliyindən yazmır.
Hamı köhnə dərdini açır,
Ya biz xəsisik xoşbəxtlik bölüşməyə,
Ya da başqa xoşbəxtlikləri görüb,
dinləməyə tapımız yox, Paxılıq!
Son günlər dərdimi bölüşdüyüm,
Dostlarımı tapmıram, sevincimi deyim mən.
Dərdsizlikdən yazacam daha,
Görüm dərd kimi yapışırmı həmən?
Təbəssüm etmək varkən,
Hərə bir pər vurur eşqimizə.
Yox əşi eşq dediyin,
Çeynənməli, əzilməli illərcə .
Qovuşduğun gün də,
Di gəl ki, alimlərin dediyi,
4 il müddəti bitə...
Bəs nə üçün çalışdıq biz?
Axı Cəlilin, Nəsrəddinin, Novruzəlinin xalqıyıq..
Hələ GünDüzün çəkdiklərini qanırıq biz.
Eh rəhmətliyin oğlu,
Sən nə karəsən ki,
Eşqini Anya,Tanya kimi yaşayasan!
Gərək sevginin töhmətini..,
Çəkə-çəkə qocalasan...!
Bəs necə?
Biz ki, daşlamadıqmı
düşmənini də sevgi ilə əzəni?