Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib.
Baş məşqçi Xetaq Qazyumov uğurlardan danışıb: “Komandamızın hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daima qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
Avropa çempionu İslam Bazarqanov da qızıl medalı barədə fikirlərini bildirib: “Avropa çempionatı olduğum üçün çox xoşbəxtəm. İki dəfə bürünc medal qazanmışdım. Allah şükür ki, bu dəfə medalın əyarını qızıla çevirə bildim. Rəqibim güclü idi. Sevinirəm ki, dünya çempionatındakı məğlubiyyətin revanşını ondan ala bildim. Ən çətin görüşüm finalda oldu. 8:0 öndə idim. Rəqib tempi artıraraq fərqi azaltdı. Arxayınlaşmaq olmazdı”.
Birinci pillənin sahibi Ali Tsokayev qitə çempionatındakı uğuru barədə bunları deyib: “Bu, böyüklərin Avropa çempionatında ilk çıxışım idi. Çox sevinirəm ki, debütümdə qızıl medal qazandım. Bu uğurumda Azərbaycan Güləş Federasiyasının rolu böyükdür. Ona görə də qələbəmi federasiyamıza və qələbəmə sevinən azarkeşlərə həsr edirəm. Dünya çempionatından da qızıl medal gözləyirəm. Bunun üçün məşqçilərimizin dəstəyilə öz üzərimdə çox çalışacağam”.
Qızıl medal sahibi Giorgi Meşvildişvili də fikirlərini bölüşüb: “Titulumu qorudum. Bu qələbə münasibətilə Azərbaycana, Azərbaycan Güləş Federasiyasına və məşqçi heyətinə öz minnətdarlığımı bildirirəm. Nə qədər ki, karyeramı davam etdirəcəyəm, hər zaman Azərbayacan güləşinə fayda verməyə çalışacağam”.
Son xəbərlər
Son Xəbərlər