“Sevirəm” parkı genişlənir, istismar müddəti bitmiş tikililər sökülür

sevirem-parki-genislenir-istismar-muddeti-bitmis-tikililer-sokulur
Oxunma sayı: 5523

“Hazırda Xətai rayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi aparılır”.

Bu barədə “Qafqazinfo”ya Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilir. Yaxın günlərdə sökülən tikililərin yerində abadlıq işləri görülərək bu sahə mövcud parkın ərazisinə qatılacaq və vətəndaşlarımızın istirahəti üçün burada müvafiq şərait yaradılacaq.

Əlavə edilib ki, son 20 il ərzində ölkə başçısı İlham Əliyevin səyləri ilə paytaxt Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və prosses davam etməkdədir: “Qürur hissi ilə deyə bilərik ki, bu istiqamətdə görülən işlər sayəsində paytaxtımız MDB-nin digər şəhərlərindən seçilir.

Hazırda Bakı şəhəri çox sürətli inkişaf templəri nümayiş etdirir və dünyanın bir çox gözəl, möhtəşəm şəhərləri ilə eyni sırada durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına çatıb ki, şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Paytaxtımıza gələn turistlərin sayının günbəgün artması buna əyani sübutdur”.

Məlumata görə, hazırda paytaxt Bakı şəhərinin ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. Yaxın vaxtlarda əsaslı şəkildə təmir-yenidənqurma işləri aparılan Mərkəzi Nəbatat və Mərdəkandakı Dendralogiya parklarında işlər başa çatacaq: “Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata Bakıda keçirilən “Bizim Həyət” layihəsi çərçivəsində 2017-ci ildən bu günədək 300-dək ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salınır. Bu da öz növbəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır”.

Qeyd edək ki, Xətai sakinlərin sevimli istirahət məkanı olan “Sevirəm” park kompleksi 2016-cı ildə salınıb. 3,2 hektar ərazidə salınan parkda 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.