Son altı ayda ölkəyə təyyarə ilə 2 milyona yaxın sərnişin gəlib

son-alti-ayda-olkeye-teyyare-ile-2-milyona-yaxin-sernisin-gelib
Oxunma sayı: 440

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin son 6 ay üzrə sərnişin axını statistikası açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin təşkil etdiyi mediatur zamanı məlumat verilib.

Rəsmi məlumata görə, son altı ayda ölkəyə 12 322 təyyarə reysi ilə 1 658 738 sərnişin gəlib və onların 1 305 239 ədəd baqajı gömrük nəzarətindən keçib.

Eyni dövrdə ölkədən 12 331 təyyarə reysi ilə 1 597 009 sərnişin çıxıb və xaricə aparılan baqajların sayı 1 177 893 olub.

Həmçinin qeyd edilib ki, 2025-ci ilin 6 ayı ərzində ölkəyə gələn sərnişinlər üzrə müxtəlif kateqoriyalı bəyan olunmamış mallar aşkarlanaraq 445 823 manat gömrük ödənişinə cəlb olunub və onların düzgün bəyan edilməsi təmin edilib.

Bundan başqa 1 fakt üzrə 153 qram kokain – narkotik vasitə aşkarlanıb.

Təqdimatda bildirilib ki, bu göstəricilər hava nəqliyyatında artan hərəkətliliklə yanaşı, gömrük xidmətinin sərnişinlərin daha sürətli və təhlükəsiz keçidini təmin etmək üçün həyata keçirdiyi tədbirlərin nəticəsidir.

Həmçinin qeyd olunub ki, son 6 ay ərzində ümumilikdə 7 865 927 poçt göndərişi emal olunub və bu göndərişlər üçün elektron ticarət bəyannamələri rəsmiləşdirilib.

Hesabat dövründə hava limanına 3014 ədəd yük təyyarəsi daxil olub, 2995 ədəd yük təyyarəsi isə ölkədən çıxış edib.

Gömrük rəsmiləri qeyd ediblər ki, poçt və yük axınındakı davamlı artım gömrük xidmətinin operativliyini və texnoloji imkanların gücləndirilməsini daha vacib edir.

Məlumata görə, son 6 ay ərzində vətəndaş qəbulunda yazılı müraciətlərin sayı 1538, telefon zəngləri ilə müraciətlərin sayı 1799, vatsap üzərindən müraciətlərin sayı isə 785 olub.

Vətəndaşlar əsasən müxtəlif xidmət və sorğularla əlaqədar məlumat almaq və problemlərini həll etmək üçün müraciət edirlər.

Logistika Mərkəzi Gömrük Postunun rəisi Rövşən Mahmudzadə bildirib ki, gün ərzində Bakı Karqo Terminalı Hava Limanı Gömrük Postuna təxminən 80 tona yaxın idxal, 5–10 ton ixrac və 600 ton tranzit yük daxil olur.

Onun sözlərinə görə, daxil olan yüklər mərhələli şəkildə qeydiyyata alınır, risk əsaslı gömrük yoxlamasından keçirilir və digər prosedurlara cəlb edilir. İdxalın əsas hissəsi isə ABŞ, Avropa, Çin və Birləşmiş Ərəb Əmirlikləri istiqamətlərindən həyata keçirilir.

Lamiyə Məmmədova