Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sumqayıt 24”ə valideynlər müraciət edib.
Onların sözlərinə görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, övladlarının adıçəkilən məktəbə getmələrini istəmirlər: “Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır”.
Valideynlər problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunduğunu, hələlik heç bir tədbir görülmədiyini də əlavə ediblər.
Yayılmış iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirilib ki, tədris ili müddətində davamlı olaraq dezinfeksiya işləri aparılır: “Ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də bizim üçün vacib şərtlərdəndir.
Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblərdən irəli gələn məsələlər tədris ili müddətində davamlı olaraq aparılır, bu və bu kimi digər istiqamətlər üzrə də dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında həyata keçirilir.
Bildiririk ki, hazırda 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq da Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri aparılıb.
Son 2 ay ərzində Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə ümumilikdə 200-ə yaxın ümumi və məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb.
Hansısa təhsil müəssisəsində yoluxucu xəstəlik və ya digər xüsusi hallar aşkar edilərsə, aidiyyəti qurumlara məlumat verilir və sanitariya nəzarəti qurumlarının tələblərinə uyğun müvafiq tədbirlər görülür”.
Fidan Etibar